“ESXİL VƏ KOMPANİYA” respublika dramaturgiya müsabiqəsinin qalibləri mükafatlandırılıb

Noyabrın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası – “Azərbaycan Mədəniyyəti – 2040” çərçivəsində təhsilalanlar arasında keçirilən “ESXİL VƏ KOMPANİYA” Respublika Dramaturgiya Müsabiqəsinin mükafatlandırma mərasimi təşkil olunub.
Mərasimdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, eləcə də digər ali təhsil müəssisələrinin əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova müsabiqənin əhəmiyyətindən danışıb.
Daha sonra müsabiqənin üç nominasiya – süni intellektlə yaradılmış pyes, kiçikhəcmli pyes və irihəcmli pyes üzrə qalibləri mükafatlandırılıblar.
Belə ki, “Süni intellektlə yazılmış ən yaxşı pyes” nominasiyası üzrə Bakı Slavyan Universitetinin tələbəsi Ələkbər Ələkbərov “Ölümün musiqisi” pyesinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Pərvin Həşimov isə “Yaddaş satılırmı?” əsərinə görə qalib elan olunublar.
“Ən yaxşı kiçikhəcmli pyes” nominasiyasında Azərbaycan Dillər Universitetinin tələbəsi Fərid Məlikov “Mersonun sonuncu çıxışı” pyesinə görə mükafatlandırılıb.
“Ən yaxşı irihəcmli pyes” nominasiyasının qalibi isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ramilə Abdullazadə “Hökm” pyesi ilə olub.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi İlham Alışzadənin “Dolab” adlı kiçikhəcmli pyesi, Azərbaycan Dillər Universitetinin tələbəsi Şəhla Qurbanovanın isə süni intellektlə yazdığı “Xatirəyə varis” adlı pyes təqdim olunub.
Daha sonra yazıçı, ssenarist, dramaturq, Əməkdar incəsənət xadimi, ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirli və şair, yazıçı, kinodramaturq, Əməkdar mədəniyyət işçisi, həmin kafedranın müəllimi İlqar Fəhminin iştirakı ilə ustad dərsi keçirilib.
Münsiflər heyətinin və müəlliflərin iştirakı ilə təqdim olunan əsərlər müzakirə olunub, onların dramaturji xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müsabiqə təhsilalanların dramaturgiya sahəsində yaradıcılıq potensialının üzə çıxarılması, yeni müəlliflərin dəstəklənməsi və müasir Azərbaycan dramaturgiyasının inkişafına töhfə verilməsi məqsədi daşıyır.