ADMİU-da “Sazlı-sözlü kəlağayı günləri” keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Kəlağayı Muzeyi və ali təhsil müəssisəsinin birgə təşkilatçılığı ilə ”Sazlı-sözlü kəlağayı günləri” adlı ədəbi-bədii tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən ADMİU-nun prorektoru, dosent, Əməkdar mədəniyyət işçisi Sədaqət Əliyeva belə tədbirlərin vacibliyini vurğulayıb, kəlağayı haqqında geniş məlumat verib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbirin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirildiyini qeyd edib. Onun sözlərinə görə, silsilə tədbirlər digər təhsil ocaqlarında da davam edəcək. Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılmasıdır. Vurğulanıb ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur: “Bizim üçün çox əlamətdardır ki, 2024-cü il Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına on illiyidir. Bu münasibətlə “Anam – kəlağayı, kəlağayı – anam” kitabı nəşr edilib. Güllü Eldar Tomarlı Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, onun təşəbbüsü və rəhbərliyi ilə 2022-ci ildə ölkəmizdə ”Kəlağayı Muzeyi’ yaradılıb: “Muzeydə müxtəlif dövrlərə aid kəlağayılar toplanıb. Eyni zamanda, muzeyin təşkilatçılığı ilə bölgələrdə ədəbi-bədii gecələr, konsert proqramları və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur”. Güllü Tomarlı Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, onun təşəbbüsü və rəhbərliyi ilə 2022-ci ildə ölkəmizdə Kəlağayı Muzeyi yaradılıb. Muzeydə müxtəlif dövrlərə aid kəlağayılar toplanıb. Eyni zamanda, muzeyin təşkilatçılığı ilə bölgələrdə ədəbi-bədii gecələr, konsert proqramları və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur.
Sonra şairlərdən Səadət Buta və Əhməd Qəşəmoğlu, Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva və başqaları kəlağayı haqqında maraqlı çıxışlar ediblər. Çıxışlarda tələbələr arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, kəlağayı təkcə baş örtüyü deyil, həm də tariximiz və mədəniyyətimizdir.
Tədbir ədəbi-bədii hissə ilə davam edib, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib.