ADMİU əməkdaşının süni intellekt sahəsində silsilə uğurları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Televiziya və kino tədris studiyasının müdiri, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin videoqraf-fotoqrafı Azər Həsənov süni intellekt və rəqəmsal innovasiyalar sahəsində peşəkar inkişafını uğurla davam etdirir. O, Azərbaycanda ilk dəfə keçirilən və Bakı Dizayn Akademiyasında 2 ay davam edən Süni İntellekt proqramını fərqlənmə ilə başa vurub. Proqram kreativ sahələrdə süni intellekt texnologiyalarının praktik tətbiqinə yönəlmiş və ölkəmizdə bu sahədə mühüm yenilik kimi qiymətləndirilir.
Bununla yanaşı, A. Həsənov beynəlxalq təhsil platformaları olan “Google” və “Coursera” vasitəsilə “Generative AI Leader” və “Google Prompting Essentials” proqramlarını uğurla tamamlayıb. Bu proqramlar generativ süni intellektin real iş mühitində tətbiqi, AI alətləri ilə effektiv işləmə və analitik yanaşmalar üzrə biliklərin formalaşmasına imkan yaradır.
Həmçinin o, Adobe Premiere Pro 2025 üzrə sertifikat əldə edərək, süni intellekt əsaslı montaj və video istehsalı texnologiyalarına yiyələnib. Bu bacarıqlar müasir media və kommunikasiya sahəsində sürətli və keyfiyyətli kontent istehsalı baxımından xüsusi əhəmiyyət daşıyır.
Əldə olunan bu nailiyyətlər Azər Həsənovun innovativ texnologiyalara açıq yanaşmasını, davamlı inkişaf prinsipinə sadiqliyini və süni intellektin praktiki tətbiqi sahəsində peşəkar potensialını nümayiş etdirir.

