ADMİU əməkdaşlarının iştirak etdiyi “Vikipediya” təlimləri uğurla yekunlaşıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzinin əməkdaşları Natiq Mürsəlov və Sədaqət Bağırovanın iştirak etdiyi “Vikipediya” qruplarının formalaşdırılması məqsədilə keçirilən təlimlər müvəffəqiyyətlə sona çatıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) bir aylıq müddətdə təşkil olunan təlimlərdə  Vikipediya – virtual ensiklopediyanın incəlikləri, burada məqalələrin yaradılması və redaktə edilməsi qaydaları haqqında dolğun bilgilər əldə ediblər. İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya, bilikləri paylaşmaq istəyən insanların birgə təşəbbüsü əsasında dünyanın ən dolğun elektron məlumat bazalarından birinə çevrilib.

Bu səbəbdən, MEK-in Elektron resurslar şöbəsinin əməkdaşı Xəyalə Məmmədlinin keçdiyi təlimlərdə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği, tədrisi və elmi tədqiqində əvəzsiz xidmətləri olan şəxslər haqqında, eləcə də müxtəlif əhəmiyyətli mövzularda ensiklopedik xarakterli səhifələr hazırlanıb.

Sonda təlimlərdə fəallıq göstərən əməkdaşlar MEK-in direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov tərəfindən sertifikatla təltif olunublar.