ADMİU Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masada təmsil olunub
Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masa keçirilib.
UNESCO Baş Konfransının 2023-cü ildə (7-22 noyabr) Parisdə keçirilən 42-ci sessiyasında 17 oktyabr tarixi Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü elan edilib.
Bu münasibətlə dekabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində (BMM) dəyirmi masa keçirilib.
Tədbirdə müvafiq qurumların nümayəndələri, sahə üzrə ekspertlər, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevil Kərimova və Aşıq sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Samirə Əliyeva iştirak ediblər.
İki bölmədə təşkil olunan tədbirdə əvvəlcə “Azərbaycanın qeyri-maddi mədəni irsinə köklü baxış: regionlarımız ənənələrimizin beşiyi kimi” mövzusu ətrafında çıxışlar dinlənilib.
Növbəti bölmə isə 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin 5 illiyi münasibətilə “Qarabağ və Şərqi Zəngəzurun qeyri-maddi mədəni irsi” mövzusuna həsr olunub.
Müzakirələr zamanı müvafiq sahə üzrə tövsiyə sənədinin hazırlanması ilə bağlı təkliflər səsləndirilib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında əlamətdar günlə bağlı Mədəniyyət Nazirliyi tərəfindən qeyri-maddi mədəni irsin qorunması və inkişafı mövzusu üzrə ilk dəyirmi masa təşkil edilmişdi.







