ADMİU Bakı Avropa liseyində keçirilən festivalda iştirak edib
Dekabrın 26-da ənənəvi olaraq Bakı Avropa Liseyində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Festival keçirilib. Dünya azərbaycanlılarının bu birlik və həmrəylik bayramı milli-mənəvi dəyərlərə hörmətin simvolu olmaqla yanaşı, tarixi vətənə bağlılıq hissinin də rəmzinə çevrildi. Festival Bakı Avropa liseyinin V-VIII sinifləri əhatə edən “Birləşmiş Liseyistlər Təşkilatı” tərəfindən keçirilir.
Bu festival Bakı Avropa Liseyində 11 ildir ki, keçirilir və eyni zamanda Azərbaycanın etnomədəni kimliyini əks etdirən məlumat və ideoloji konsepsiyaya malikdir. Onun əsas məqsədi şagirdləri Azərbaycanın ərazilərini və onun sərvətlərini, tarixini, görkəmli şəxsiyyətlərini, mədəniyyətini, ekoloji vəziyyətini öyrənməkdir.
Bakı Avropa liseyinin builki 11-ci Festivalı “Azərbaycanın dekorativ-tətbiqi sənəti”nə həsr olunub. Şagirdlər bu sənətlə bağlı araşdırmalar aparıb, yeni məlumatlar əldə edərək stendlər və digər maarifləndirici materiallar, maraqlı təqdimatlar vasitəsilə qonaqları tanış ediblər.
Festival istedadlı şagirdlərin ifa etdikləri rəqs və mahnılarla daha da rəngarəng olub. Festivalda tanınmış alim və ictimai xadimlərlə yanaşı Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Təsviri sənət” kafedrasının baş müəllimləri Kəmalə Cəfərzadə və Şəhla Abbasova, kafedranın müəllimi, rəssam Şafiq Osmanov və “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri Ülviyyə İsmayılova, Elnarə Hüseynova, Ləman Nəzirova, Nərmin İsmayılova, Ləman Sadıxlı iştirak ediblər. Onlar şagirdlərin təqdim etdiyi dekorativ-tətbiqi sənət nümunələri, onlar haqqında məlumatlarla tanış olub, bu sahə üzrə öz bilik və bacarıqları ilə də paylaşıblar. Tələbələr isə təsviri incəsənət dərslərində layihə metodunun məktəbdə tətbiqi prosesi və məktəbdənkənar fəaliyyət ilə təqdimatlar vasitəsilə tanış olublar.

