ADMİU-da ənənəvi “Mədəniyyət: problemlər və perspektivlər” konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda Respublika elmi konfransı keçirməyi planlaşdırır. Konfrans 6 may 2025-ci il tarixində baş tutacaq.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2007-ci ildən etibarən doktorant və gənc tədqiqatçıların ənənəvi Respublika elmi konfransını keçirir. Artıq ənənə halını almış bu konfrans 2025-ci ildə 17-ci dəfə baş tutacaq. Mədəniyyətin problemlərinə həsr olunacaq doktorant və gənc tədqiqatçıların XVII respublika elmi konfransı mədəniyyət və incəsənətin ümumi problemlərini əhatə edərək Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunacaq.
“Mədəniyyət: problemlər və perspektivlər” konfransı doktorantların öz tədqiqat işlərinin elmi ictimaiyyətə tanıtdırılması məqsədi güdür. Doktorant və gənc tədqiqatçıların əldə etdiyi mühüm elmi nəticələrin praktiklərə çatdırılması yaradıcı təcrübəni zənginləşdirməyə xidmət etməlidir. Konfransın aktuallığı məhz tədqiqatçılarla praktiklərin qarşılıqlı əlaqələri kontekstində nəzərdən keçirilməlidir.
1. Heydər Əliyev və mədəniyyət.
2. Mədəniyyətin ümumi problemləri.
3. XXI əsrdə incəsənətin obyekti və predmeti.
4. İncəsənət əsərlərinin tədqiqi problemləri.
5. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıtdırılması problem.
Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.
Konfransda iştirak etmək istəyənlər məruzələrini elektron formada 20 aprel 2025-ci il tarixindən gec olmayaraq aşağıdakı e-mail ünvanına göndərə bilərlər: admiuculturalproblems@gmail.com (koordinatorlar: Sevinc Məmmədova və Pərvanə Lətifli).
Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları qəbul etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat 30 aprel 2025-ci il tarixinədək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.
Qəbul edilmiş məruzələrin çap olunması nəzərdə tutulur. Məruzələrin çapı ödənişlidir (səhifəsi 7 AZN). Nəşrdən öncə məruzələr plagiat yoxlanışından keçməlidir, Anti-plagiat yoxlanışı StrikePlagiarism proqramı vasitəsilə həyata keçiriləcək. Müəlliflər StrikePlagiarism proqramından sərbəst şəkildə keçərək yoxlamanın nəticələrini konfransın Təşkilat Komitəsinə təqdim edə və ya ADMİU-nun Elm və doktorantura şöbəsində ödənişli şəkildə keçə bilərlər (21 AZN).
Qeyd: Anti-plagiat proqramının nəticəsi məruzənin konfransa qəbul olunacağına zəmanət vermir və müəllif, istənilən halda, ekspert rəyindən öncə anti-plagiat yoxlanışından keçməlidir.
Məruzənin tərtibi qaydaları:
Həcm: 5-7 səhifə, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
İstinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, müəllifin soyadı və inisialları, nəşr ili, səhifə göstərilməlidir. Məsələn: [Smit, C., 1995, s. 43].
Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli və aşağıdakı şəkildə verilməlidir.
Kitablar üçün: Müəllifin soyadı, adının baş hərfi., nəşr ili, kitabın adı, şəhər: nəşriyyat. Məsələn: Smit, C. (1995). Müasir incəsənət məkanında süni intellekt. Bakı: ADMİU-nun Nəşriyyatı.
Dövri mətbuat və jurnallar üçün: Müəllifin soyadı, adının baş hərfi., nəşr ili, məqalənin adı. Jurnalın adı, nömrəsi, səhifə. Məsələn: Smit, C. (2010). Ehtiyat tədbirləri. ADMİU-nun Elmi əsərləri, 16(7), 26.
İnternet resursları üçün: Müəllif. (2025). İctimaiyyətə müraciət. URL: http://www.health.govt.nz/your-health/conditions-and-treatments/diseases-and-illnesses/ebolainformation-public (Müraciət tarixi: 08.01.2025)
Materialın strukturu:
1. UOT kodu
2. Məruzənin adı – adi hərflərlə, qalın şriftlə, ortada;
3. Müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı, iş yeri (təşkilat), şəhər, ölkə, mobil telefon nömrəsi, elektron poçt ünvanı – adi şriftlə, ortada;
4. Annotasiya (100-150 sözdən ibarət): məruzə işçi dillərdən hansı birindədirsə, digər iki dildə;
5. Açar sözlər (5-7 söz və ya söz birləşməsi): Azərbaycan, rus və ingilis dillərində, annotasiyalardan sonra;
6. Əsas mətn (5-7 səhifə).
Elmi tədbirin keçiriləcəyi yer və tarix:
AZ1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39, ADMİU-nun əsas binası, Elmi Şura zalı; 06 may 2025-ci il, saat 10:00.
Təşkilat komitəsi