ADMİU-da ənənəvi “Mədəniyyət: problemlər və perspektivlər” konfransı keçiriləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XVIII Respublika Elmi Konfransı keçirməyi planlaşdırır. Konfrans 17 aprel 2026-cı il tarixində baş tutacaq.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2007-ci ildən etibarən doktorant və gənc tədqiqatçıların ənənəvi Respublika elmi konfransını keçirir. Artıq ənənə halını almış bu konfrans 2025-ci ildə 18-ci dəfə baş tutacaq. Doktorant və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı mədəniyyət və incəsənətin ümumi problemlərini əhatə edərək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) həsr olunacaq.
“Mədəniyyət: problemlər və perspektivlər” konfransı magistrant və doktorantların öz tədqiqat işlərinin elmi ictimaiyyətə tanıtdırılması məqsədi güdür. Doktorant və gənc tədqiqatçıların əldə etdiyi mühüm elmi nəticələrin praktiklərə çatdırılması yaradıcı təcrübəni zənginləşdirməyə xidmət etməlidir. Konfransın aktuallığı məhz tədqiqatçılarla praktiklərin qarşılıqlı əlaqələri kontekstində nəzərdən keçirilməlidir.
XXI əsrin şəhərləri getdikcə daha çox rəqəmsal mühitlərlə əlaqədə nəzərdən keçirilir. Bu kontekstdə rəqəmsal mədəniyyət insanların ünsiyyət, öyrənmək, istehlak və yaradıcılıq vərdişlərini dəyişdirir, fərdlərin həm real, həm də virtual şəhər həyatında davranışını müəyyənləşdirir. “Mədəniyyət: problemlər və perspektivlər” XVIII Respublika Elmi Konfransı doktorant və gənc tədqiqatçıların bu mövzular ətrafında müzakirəyə dəvət edir:
1. Rəqəmsal dünyada mədəniyyətin ümumi problemləri
2. Şəhər ənənəvi və müasir mədəni irsin keşiyində
3. Kino, musiqi, təsviri sənət və teatrda “şəhər” obraz kimi.
Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.
Konfransda iştirak etmək istəyənlər məruzələrini elektron formada 10 aprel 2026-cı il tarixindən gec olmayaraq aşağıdakı e-mail ünvanına göndərə bilərlər: admiuculturalproblems@gmail.com (koordinatorlar: Sevinc Məmmədova və Pərvanə Lətifli).
Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları qəbul etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat 15 aprel 2026-cı il tarixinədək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.
Qəbul edilmiş məruzələrin çap olunması nəzərdə tutulur. Məruzələrin çapı ödənişlidir (səhifəsi 7 AZN). Nəşrdən öncə məruzələr plagiat yoxlanışından keçməlidir, Anti-plagiat yoxlanışı StrikePlagiarism proqramı vasitəsilə həyata keçiriləcək. Müəlliflər StrikePlagiarism proqramından sərbəst şəkildə keçərək yoxlamanın nəticələrini konfransın Təşkilat Komitəsinə təqdim edə və ya ADMİU-nun Elm və doktorantura şöbəsində ödənişli şəkildə keçə bilərlər (21 AZN).
Qeyd: Anti-plagiat proqramının nəticəsi məruzənin konfransa qəbul olunacağına zəmanət vermir və müəllif, istənilən halda, ekspert rəyindən öncə anti-plagiat yoxlanışından keçməlidir.
Məruzənin tərtibi qaydaları:
Həcm: 5-7 səhifə, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25. Mətn sətirdən-sətrə keçirilmədən yığılmalıdır.
İstinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, müəllifin soyadı və inisialları, nəşr ili, səhifə göstərilməlidir. Məsələn: [Smit, C., 1995, s. 43].
Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli və aşağıdakı şəkildə verilməlidir.
Kitablar üçün: Müəllifin soyadı, adının baş hərfi., nəşr ili, kitabın adı, şəhər: nəşriyyat. Məsələn: Smit, C. (1995). Müasir incəsənət məkanında süni intellekt. Bakı: ADMİU-nun Nəşriyyatı.
Dövri mətbuat və jurnallar üçün: Müəllifin soyadı, adının baş hərfi., nəşr ili, məqalənin adı. Jurnalın adı, nömrəsi, səhifə. Məsələn: Smit, C. (2010). Ehtiyat tədbirləri. ADMİU-nun Elmi əsərləri, 16(7), 26.
İnternet resursları üçün: Müəllif. (2025). İctimaiyyətə müraciət. URL: http://www.health.govt.nz/your-health/conditions-and-treatments/diseases-and-illnesses/ebolainformation-public (Müraciət tarixi: 08.01.2025)
Materialın strukturu:
1. UOT kodu
2. Məruzənin adı – adi hərflərlə, qalın şriftlə, ortada;
3. Müəllifin adı, soyadı, atasının adı, təhsil aldığı müəssisə, iş yeri (təşkilat), şəhər, ölkə, mobil telefon nömrəsi, elektron poçt ünvanı – adi şriftlə, ortada;
4. Annotasiya (100-150 sözdən ibarət): məruzə işçi dillərdən hansı birindədirsə, digər iki dildə;
5. Açar sözlər (5-7 söz və ya söz birləşməsi): Azərbaycan, rus və ingilis dillərində, annotasiyalardan sonra;
6. Əsas mətn (5-7 səhifə).
Elmi tədbirin keçiriləcəyi yer və tarix:
AZ1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39, ADMİU-nun əsas binası, Elmi Şura zalı; 17 aprel 2026-cı il, saat 11:00.
Təşkilat komitəsi

