ADMİU-da “102-ci ilin işığında Heydər Əliyev irsinə elmi baxış” adlı elmi-praktik seminar keçirilib
Mayın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “102-ci ilin işığında Heydər Əliyev irsinə elmi baxış” adlı elmi-praktik seminar keçirilib.
Elmi-praktik seminarın məqsədi dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin elmi aspektdən öyrənilməsi, xüsusilə də gənc tədqiqatçılar tərəfindən bu irsin müasir dövr üçün əhəmiyyətinin araşdırılması olub.
Tədbir Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişovun giriş sözü ilə açılıb. Daha sonra Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Şəfiyeva “Heydər Əliyev irsində müasir Azərbaycan tarixinin
dəyərləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Elmi-praktik seminarda tələbələr tərəfindən müxtəlif mövzularda elmi çıxışlar təqdim olunub. Belə ki, Saleh İsmayılov “Heydər Əliyev siyasətində informasiya cəmiyyəti (sosioloji təhlil)”, Əsgər Muradzadə “Heydər Əliyev idarəçilik modelinin sosioloji təhlili”, Nazənin Əlicanlı “Təhsilin memarı: Heydər Əliyev və gəncliyə verilən dəyər”, Günay Əliyeva isə “Heydər Əliyevin Azərbaycan mədəniyyəti tarixində rolu (1993–2003)” mövzularında məruzələrlə çıxış ediblər. Seminar boyunca iştirakçılar Ulu öndərin dövlətçilik fəlsəfəsinin müxtəlif aspektlərinə nəzər salaraq onun müasir Azərbaycan cəmiyyətində davam edən təsirlərini müzakirə ediblər.