ADMİU-da 20 yanvar faciəsinin 35 illiyinə həsr olunmuş tədbir

Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə 28 yanvar 2025-ci il tarixində 20 yanvar faciəsinin 35 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə 20 yanvar Tanıtma İctimai Birliyinin idarə heyətinin üzvü Sahib Əlizadə, İstiqlal muzeyinin Elmi kütləvi işlər şöbəsinin əməkdaşı, elmi işçi Emin Yolçuyev və Kulturologiya fakültəsinin əməkdaşları və tələbələri iştirak etmişdir.
Kulturologiya fakültəsinin dekanı dosent Səyavuş Məhişovun açılış nitqi ilə fəaliyyətə başlayan tədbirdə ilk olaraq 20 Yanvar faciəsinin qurbanları və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Səyavuş Məhişov tədbirin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı çərçivəsində təşkil edildiyini dinləyicilərin nəzərinə çatdırmışdır. Ondan sonra tədbir öz işini Sosial-siyasi elmlər kafedrasının professoru Xaləddin Sofiyevin 20 yanvar hadisələrinin tarixi xronoloji səbəblərini özündə əks etdirən Azərbaycan dövlətçilik tarixi ilə bağlı məruzəsi ilə, 20 yanvar Tanıtma İctimai Birliyinin idarə heyətinin üzvü Sahib Əlizadənin 20 yanvar faciəsinin canlı şahidi kimi xatirə xarakterli məruzəsi ilə, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Əli Abuzərovun 20 yanvar hadisələrinin muzeylər vasitəsilə tanıdılması mövzusunda çıxışı ilə davam etdirmişdir.