ADMİU-da 2021-2025-ci illər üzrə Strateji İnkişaf Planının icra vəziyyəti ilə əlaqədar iclas keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2021-2025-ci illər üzrə Strateji İnkişaf Planının (SİP) icrasının monitorinqinin gedişatı ilə bağlı növbəti iclas təşkil edilib. İclasda ADMİU Elmi Şurasının 31 yanvar 2025-ci il tarixli qərarı ilə yaradılmış işçi qrupunun nəzdində müvafiq istiqamətlər üzrə alt qruplarına məsul şəxslər iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd SİP-də nəzərdə tutulan işlərin icra səviyyəsini qiymətləndirmək olub. İclasda çıxış edən işçi qrupunun sədri, ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova Strateji İnkişaf Planının icrasının universitetin uzunmüddətli məqsədlərinə və hədəflərinə çatmaq üçün önəmindən bəhs edib. Universitetin son illərdə tədris prosesinin modernləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq və elmi fəaliyyətin inkişafı sahəsində qazanılmış uğurlarına və mövcud boşluqlara diqqət çəkilib. Əmək bazarının tələblərinə uyğun ixtisasların inkişafı məsələsinə toxunulub, tədris metodologiyasının yenilənməsi istiqamətində innovativ yanaşmaların tətbiqi ilə bağlı təkliflər irəli sürülüb. Elmi fəaliyyətin stimullaşdırılması üzrə görülən tədbirlər barədə müzakirələr aparılıb.
Təlim və tədris istiqaməti üzrə Tədris şöbəsinin müdiri Namiq Qafarov məlumat verərək təhsilin keyfiyyətinin artırılması sahəsində görülən tədbirlərin icra vəziyyəti haqqında hesabat təqdim edib. Rəqəmsal infrastrukturun gücləndirilməsi ilə bağlı görülən işlər və gələcək hədəflər barədə iclas iştirakçıları ətraflı məlumatdırılıb. Universitetin elektron kitabxana xidmətlərinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Təhsil proqramlarının Strateji İnkişaf Planında nəzərdə tutulmuş tələblərə uyğunlaşdırılması sahəsində görülən işlərdən və tələbələrin təcrübi bacarıqlarının artırılması üçün yaradılan imkanlardan bəhs olunub.
İdarəetmə sistemi və infrastruktur istiqamətləri üzrə ADMİU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru Fərhad Əliyev məlumat verərək bildirib ki, tədris prosesində müasir texnologiyaların tətbiqinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Strateji İnkişaf Planında idarəetmə sistemi və infrastrukturla əlaqədar nəzərdə tutulan işlərin mərhələli şəkildə reallaşdırıldığı qeyd olunub.
İşçi qrupunun sədr müavini, ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri, dosent Şirinbəy Əliyev universitetdə insan resurslarının idarə olunması ilə bağlı yenilikləri təqdim edib. Kadrların peşəkar inkişafı üçün həyata keçirilən proqramlar haqqında məlumat verilib və sosial tərəfdaşlarla əməkdaşlıq sahəsində görülən işlərin gücləndirilməsinin zəruriliyi ifadə olunub.
Beynəlmilləşmə istiqaməti üzrə həyata keçirilən işlər barədə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevil Kərimova tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirakının genişləndirildiyini, universitetin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi üçün müvafiq tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Universitetin strateji inkişaf hədəflərinə uyğun olaraq həyata keçirilən layihələr təhlil olunub və mədəniyyət müəssisələri ilə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Tədbir iştirakçılar tərəfindən qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb və alt qrupların Strateji İnkişaf Planının icrası ilə bağlı gördüyü işlərin monitorinqinin zəruri özünütəhlil hesabatının əsası olduğu qeyd olunub. Növbəti mərhələdə strateji hədəflərin daha geniş miqyasda reallaşdırılması və universitetin inkişaf prosesinin müasir çağırışlara uyğun davam etdirilməsi planlaşdırılıb.