ADMİU-da 2025-2026-cı tədris ilinin son Elmi Şura iclası keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2025-2026-cı tədris ilinin son Elmi Şura iclası keçirilib.
İclasın gündəliyinə universitetin 2025–2026-cı tədris ili üzrə fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən hesabatlar, tədris və elmi fəaliyyətin nəticələri, beynəlxalq əlaqələr, strateji inkişaf, eləcə də cari məsələlər daxil edilib.
Gündəlikdəki məsələlərə keçməzdən əvvəl universitetin rektoru professor Ceyran Mahmudova Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının professoru Adilə Niyazi qızı Yusifovanı 70 illik yubileyi münasibətilə kollektiv adından təbrik edib, ona uzun ömür, can sağlığı, yaradıcı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzu edib.
İclasda əvvəlcə rektor professor Ceyran Mahmudovanın 2025–2026-cı tədris ili üzrə illik hesabatı dinlənilib. Daha sonra Keyfiyyət Təminatı və Strateji Planlama Departamentinin, Tədris işləri, Elm və yaradıcılıq işləri, Beynəlxalq əlaqələr üzrə prorektorluqların illik fəaliyyət hesabatları təqdim edilib.
Gündəlikdə, həmçinin fakültələrin və SABAH Mərkəzinin illik fəaliyyətinin yekunları, 2025–2026-cı tədris ilinin yay semestrinin imtahan sessiyası, Yekun Dövlət Attestasiyası və magistr dissertasiyalarının müdafiəsinin nəticələri, Apellyasiya Komissiyasının hesabatı, bakalavriat səviyyəsində istehsalat təcrübələrinin yekunları, Elmi-Metodiki Şura və Elmi Şuranın illik fəaliyyət hesabatlarının müzakirəsi keçirilib.
Cari məsələlər sırasında Azərbaycan Respublikasının “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası çərçivəsində ADMİU-nun həyata keçirəcəyi tədbirlər planı da yer alıb. Bu istiqamətdə universitetin təşkilatçılığı ilə baş tutacaq “ESXİL və K” dramaturgiya müsabiqəsinin keçirilməsi, eləcə də 2026–2030-cu illər üçün tədbirlər planının təsdiqi müzakirə olunub.
Bununla yanaşı, iclasda tədris-metodiki işlərin təsdiqi ilə bağlı məsələ də Elmi Şura üzvlərinin müzakirəsinə təqdim edilib.
Elmi Şurada səsləndirilmiş hesabat və təkliflər əsasında universitetin tədris, elm, yaradıcılıq və idarəetmə sahələrində gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

