ADMİU-da 2026–2030-cu illər üçün Strateji İnkişaf Proqramının hazırlanması üzrə növbəti iclas keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026–2030-cu illəri əhatə edəcək Strateji İnkişaf Proqramının (SİP) hazırlanması istiqamətində ardıcıl və sistemli fəaliyyətlər davam etdirilir. Universitetin uzunmüddətli inkişaf prioritetlərinin müəyyənləşdirilməsi məqsədi ilə rəhbərliyin müvafiq qərarı əsasında yaradılmış işçi qruplar və tematik altqruplar üzrə mərhələli şəkildə müzakirələr aparılır.
19 yanvar tarixində Strateji İnkişaf Proqramının hazırlanması üzrə işçi qrupun İdarəetmə sistemi və infrastruktur istiqamətləri altqrupun növbəti iclası keçirilib. İclasın əsas məqsədi 2021-2025-ci illər üçün Strateji İnkişaf Planında idarəetmə və infrastruktur istiqamətində qarşıya qoyulan vəzifələrin icra vəziyyətinin təhlili və 2026–2030-cu illər üçün strateji hədəf və fəaliyyətlərin müəyyənləşdirilməsi olub.
İdarəetmə sistemi və infrastruktur istiqamətləri üzrə altqrupa ADMİU-nun rektoru Ceyran Mahmudova rəhbərlik edir. Qrupda rektorun tədrisdə innovasiyalar üzrə müşaviri Validə Məmmədova, İnsan resursları şöbəsinin müdiri Firəngiz Məmmədova, Ümumi şöbənin müdiri Aygül Mirzəyeva, İnformasiya-kommunikasiya texnologiyaları və texniki xidmət şöbəsinin müdiri Hikmət Məmmədov, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini Elçin Cəfərov, THİK sədri Rusif Əliyev, həmçinin Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının III təhsil ili tələbəsi Aysun Səlimli təmsil olunurlar.
İclas zamanı əvvəlki görüşlərdə səsləndirilmiş təkliflərin Strateji İnkişaf Proqramının layihəsinə tətbiq imkanları nəzərdən keçirilib. Universitetin mövcud idarəetmə modelinin təhlili aparılıb, strukturlararası koordinasiyanın gücləndirilməsi və qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi üzrə strateji yanaşmalar müzakirə edilib.
Eyni zamanda, 2026–2030-cu illər üçün Strateji İnkişaf Proqramının hazırlanması məqsədil ilə universitetin mövcud infrastruktur imkanlarının analitik qiymətləndirilməsi aparılıb. Tədris və inzibati prosesləri dəstəkləyən texniki bazanın hazırkı vəziyyəti təhlil edilib, sözügedən istiqamətdə ehtiyaclar və inkişaf perspektivləri müəyyənləşdirilib. Bu müzakirələr Strateji İnkişaf Proqramında infrastruktur üzrə prioritet istiqamətlərin, hədəflərin formalaşdırılmasına yönəlib.
İclasda, həmçinin, Strateji İnkişaf Proqramının idarəetmə komponentinin hazırlanması çərçivəsində rəqəmsal idarəetmə alətlərinin tətbiqinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin optimallaşdırılması, insan resurslarının idarə olunmasında performans əsaslı yanaşmaların SİP-də əks etdirilməsi ilə bağlı konseptual təkliflər müzakirə olunub. Əməkdaşların peşəkar inkişafını dəstəkləyən mexanizmlərin təkmilləşdirilməsi, texniki təminatın yenilənməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və rəqəmsal infrastrukturun davamlılığının təmin edilməsi məsələləri də Strateji İnkişaf Proqramının hazırlanması prosesində nəzərə alınacaq əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Qeyd olunub ki, idarəetmə sistemi və infrastruktur istiqamətləri üzrə işçi qrupun hazırladığı bütün təhlil və təkliflər 2026–2030-cu illər üçün Strateji İnkişaf Proqramının layihəsinin formalaşdırılması zamanı nəzərə alınmalıdır.

