ADMİU-da 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın təşəbbüsü, ADMİU Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə geniş tərkibli elmi-ictimai tədbir təşkil olunub. Tədbir ana dilimizin dövlətçilik tariximizdə, milli-mənəvi dəyərlər sistemimizdə və milli kimliyimizin formalaşmasında tutduğu mühüm yerə həsr edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də Azərbaycan dilinin böyük təəssübkeşi, bu istiqamətdə verdiyi mühüm qərarlarla Azərbaycan dilinin inkişafını dəstəkləyən Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi açılış nitqi ilə çıxış edən rektor Ceyran Mahmudova ana dilinin dövlət müstəqilliyinin əsas atributlarından biri olduğunu, dilin qorunması və inkişaf etdirilməsinin hər bir vətəndaşın mənəvi borcu kimi dəyərləndirildiyini vurğulayıb. Azərbaycanda ana dilinin dövlət səviyyəsindəki inkişaf tarixinə diqqət çəkən rektor qeyd edib ki, ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı və beynəlxalq arenada layiqli yerini tutması Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və ardıcıl dil siyasətinin bilavasitə nəticəsidir. Ulu Öndərin qətiyyəti, uzaqgörən və prinsipial mövqeyi sayəsində Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə dəyişiklik edilərək Azərbaycan dilinin dövlət dili statusu 1978-ci ildə Konstitusiya səviyyəsində təsbit olunub. Müstəqillik dövründə isə bu siyasət daha da dərinləşdirilib, dilin hüquqi statusu və ictimai nüfuzu yüksəldilib.

C.Mahmudova xatırladıb ki, 1992-ci ildə müstəqil Azərbaycan Respublikasında dövlət dili haqqında qanun qəbul edildi. 1995-ci ilin referendumunda qəbul edilən yeni Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili statusu təsbit edildi. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi tətbiqində mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı.

Ulu Öndərin həyata keçirdiyi dil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan rektor C.Mahmudova ölkə başçısının bu istiqamətdə gördüyü işləri və mühüm sənədləri yada salıb. O bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (2004-cü il 12 yanvar), “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” (2004-cü il 27 dekabr), “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” (2007-ci il 24 avqust), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” (2012-ci il 23 may), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” (2013-cü il 9 aprel), “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” (2018-ci il 17 iyul) sərəncamları və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı bu sahədə həyata keçirilən mühüm sənədlərdəndir.

Həmçinin, rektor əlavə edib ki, ötən il noyabr ayının 3-də AMEA-nın 80 illik yubiley tədbirində, eləcə də 2026-cı ilin 5 yanvar tarixində yerli telekanallara müsahibəsində cənab Prezident dilin saflığının qorunması məsələsini xüsusilə qeyd edərək dilin yad təsirlərdən qorunması, milli dilin saflığının təmin edilməsi məsələsini strateji vəzifə kimi dəyərləndirib. C.Mahmudova ölkə başçısının bu çağırışının bütün qurumların, o cümlədən, elm və təhsil sahəsində çalışan alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyduğunu, bu vəzifələrdən irəli gələrək Mədəniyyət və İncəsənət Universitetinin də bir təhsil müəssisəsi kimi hər zaman Azərbaycan dilinin gənc nəsil tərəfindən qorunması, elmi və ədəbi potensialının geniş şəkildə təbliği istiqamətində mühüm addımlar atdığını bildirib.

Tədbir çərçivəsində ana dilinin dövlət siyasətində prioritet istiqamət kimi müəyyənləşdirilməsini əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycan dilinin hüquqi statusu, normativ bazası və müasir inkişaf mərhələləri barədə məlumat verilib.

Daha sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Ağasəlim Həsənov məruzə ilə çıxış edərək ana dilinin milli şüurun formalaşmasında, milli kimliyin qorunmasında və sosial inteqrasiyada oynadığı rolu elmi-nəzəri aspektdən təhlil edib. O, dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də kollektiv yaddaşın və mədəni davamlılığın əsas daşıyıcısı olduğunu vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdana Rəhimzadə isə müasir dövrdə ana dilinin istifadəsi məsələlərinə toxunaraq, xüsusilə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində dil normalarının qorunmasının vacibliyini qeyd edib. O, qloballaşma və rəqəmsallaşma şəraitində dilimizin təhrif olunması hallarına qarşı maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində ADMİU-nun Musiqi sənəti fakültəsinin tar ixtisası üzrə tələbəsi Sübhan Azadi, Kulturologiya fakültəsinin Muzey, arxiv işi və abidələrin qorunması ixtisasının tələbəsi Ləman Cəlilli və Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan tələbə Təhmasib Tağızadə mövzu ilə bağlı geniş məruzələrlə çıxış ediblər.

Diskussiya şəklində davam edən tədbirdə iştirakçı tələbələr tərəfindən ünvanlanan suallar ətrafında fikir mübadiləsi aparılıb.