ADMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində 31 mart 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva bildirib ki, Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb.
31 Mart soyqırımından danışan prorektor bildirib ki, Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
S.Əliyevanın sözlərinə görə, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.
ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Əli Abuzərov 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş məruzə ilə çıxış edərək Quba Soyqırımı Memorial Kompleksi haqqında məlumat verib.
Dosent Tamilla Əhmədova mövzu ilə bağlı çıxış edərək bildirib ki, tariximizin qanlı səhifələri heç zaman unudulmur, unudulmayacaq.
Daha sonra tələbələrin sualları cavablandırılıb, tədbir diskussiya şəklində davam edib.