ADMİU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Martın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Rəssamlıq fakültəsinin təşkil etdiyi sərgi-dəfilə keçirilib.
Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun xanım əməkdaşları, tələbələr iştirak ediblər.
ADMİU-nun kafedra müdiri, professor, Xalq rəssamı Arif Əziz başda rektor Ceyran Mahmudova olmaqla, universitetin bütün xanım əməkdaşlarını və xanım tələbələrini 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
ADMİU-nun kafedra müdirləri- Əməkdar İncəsənət Xadimi Əli Əmirli, Xalq artisti Teyyub Aslanov, Əməkdar rəssam Rəşad Cabarov, dosent Aslan Xəlilov, Kultrologiya fakültəsinin dekanı, dosent Vasif Adilov və Əməkdar artist Nofəl Vəliyev çıxış edərək 8 mart gününün əhəmiyyətindən, qadının dünyadakı rolundan danışıb, universitetin xanım əməkdaşlarını bayram münasibəti ilə təbrik ediblər.
Sonra Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti Aysel Əzizovanın tələbələrinin hazırladığı dəfilə nümayiş etdirilib, Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət, 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgiyə baxılıb.
Sonda tədbirin təşkilatçılarına təşəkkürünü bildirən ADMİU-nun rektoru, Əməkdar İncəsənət Xadimi, professor Ceyran Mahmudova xanım əməkdaşları və tələbələri bayram münasibəti ilə təbrik edib, onlara can sağlığı, uzun ömür arzulayıb.