ADMİU-da “Akademik Bəkir Nəbiyev – 95” mövzusunda tədbir keçirilib

27 may 2025-ci ildəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Heydər Əliyev mədəniyyət və incəsənət məktəbi”ndə çağdaş dövrün aparıcı ədəbiyyatşünaslarından biri, akademik Bəkir Nəbiyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirildi. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun alimləri və akademikin ailə üzvləri iştirak edirdilər. Açılış nitqi ilə çıxış edən ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova tədbir iştirakçılarını və qonaqları universitetin rektoru, professor Ceyran Mahmudovanın və öz adından salamladı. O, akademik Bəkir Nəbiyevin anadan olmasının 95 illik yubileyinin “Konstitusiya və Suverenlik İli”nin qeyd olunduğu dövrə təsadüf etdiyini, elm və ictimai xadim kimi alimin milli ədəbiyyatşünaslığa verdiyi töhfələrdən bəhs edərək, onun milli kimlik məsələlərində tutduğu mövqeyə də toxundu. N.Rüstəmova akademikin işıqlı xatirəsinin gənclər tərəfindən yaşadılacağına ümidlərini ifadə etdi.

Tədbir çərçivəsində müxtəlif məruzələr dinlənildi. ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının dosenti, kulturologiya üzrə fəlsəfə doktoru Fatimat Məmmədova “İstiqlal poeziyasının və mühacirət ədəbiyyatının araşdırılmasında Bəkir Nəbiyevin xidmətləri” mövzusunda çıxış edərək akademikin bu sahədəki araşdırmalarının əhəmiyyətini önə çəkdi. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Salidə Şərifova öz çıxışında akademikin ədəbiyyat tarixçiliyinə verdiyi töhfələrdən bəhs etdi. Ədəbiyyat İnstitutunun “XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli Bəkir Nəbiyevin sovet dövrü Azərbaycan ədəbiyyatının elmi təhlilindəki rolunu geniş şəkildə təqdim etdi. Ədəbiyyat İnstitutunun “Ədəbi tənqid” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova akademik Bəkir Nəbiyevin ədəbi tənqid sahəsindəki fəaliyyətini təhlil edərək onun ədəbi fikir tariximizdəki mühüm mövqeyini vurğuladı. Daha sonra çıxış edən ADMİU-nun professoru, Əməkdar incəsənət xadimi Əli Əmirli alimin elmi irsinin müasir ədəbiyyatşünaslıq üçün əhəmiyyətindən danışdı.

Sonda akademikin ailə üzvləri – oğlu Sadıq Nəbiyev və qızı Leyla İmanova çıxış edərək ADMİU-nun rektoru, professor Ceyran Mahmudova başda olmaqla tədbirin yüksək səviyyədə təşkil olunması ilə bağlı təşəkkürlərini bildirdilər. Onlar alimin zəngin elmi-nəzəri irsinin müxtəlif aspektlərini özündə əks etdirən əsərlərindən, habelə, şəxsi kitabxanasından mədəniyyət və incəsənət sahələrinə dair 108 adda kitabdan ibarət kolleksiyanın ADMİU-nun Kitabxana-informasiya mərkəzinin fondunda tələbələrin istifadəsi baxımdan xüsusi əhəmiyyət kəsb edəcəyini vurğuladılar.