ADMİU-DA ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr-Vətən müharibəmizin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün önəm və dəyərindən bəhs edib. Bildirib ki, Vətən müharibəsində canından, qanından keçən şəhidlərimizin, qazilərimizin hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. Təkcə, 27 sentyabr günü deyil, hər zaman onları yad edir, xatirələrini əbədi qəlbimizdə yaşadırıq. Eləcə də Vətən müharibəsi iştirakçılarımız, qazilərimiz bizim qürur yerimizdir. Həmçinin, xanım rektor başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla, ordumuzun, şəhidlərimizin sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu əlavə edib, bütün şəhidlərimizin fəxr yeri, qürur mənbəyi olduğunu vurğulayıb.
Rektor C.Mahmudovanın çıxışından sonra Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADMİU-nun kafedra müdiri, Əməkdar İncəsənət xadimi Əli Əmirli 44 gün ərzində davam edən müharibənin sonunda qazanılan qələbənin Azərbaycan xalqına yaşatdığı sevincdən danışıb. O qeyd edib ki, bu gün anım günü olsa da, bu, Azərbaycan xalqının ən şanlı səhifələrindən biridir. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları arasında Mədəniyyət və İncəsənət Universitetinin yetişdirdiyi tələbələrin də yer almasının böyük fəxr olduğunu vurğulayan natiq onların böyük cəsarətlə döyüşə atıldığını və dörd məzunumuzun qəhrəmanlıqla şəhid olduqlarını deyib.
ADMİU-nun kafedra müdiri, Əməkdar artist Gülşad Baxşıyeva bu günün anım günü olmaqla yanaşı, Azərbaycan xalqının böyük zəfərinin başlandığı tarix olduğunu bildirib. O, çıxışında hər zaman gənclərə vətənpərvərlik duyğularının ötürülməsinin vacibliyindən danışıb və bu işdə pedaqoqların önəmini vurğulayıb.
ADMİU-nun mətbuat katibi Şahanə Müşfiq çıxışında qeyd edib ki, Vətən müharibəsi bəşəri azadlığın, ilahi ədalətin simvoludur. Vətən müharibəsi səssiz hıçqırıqların hayqırtıya dönməsi, yalın əllərin dəmir yumruğa çevrilməsidir. Vətən müharibəsi zəfərin təntənəsidir. Bu uğurda şəhid olan oğullarımızın xatirəsinin daim xalqımız tərəfindən ehtiramla yad edildiyini vurğulayan Ş.Müşfiq Mədəniyyət və İncəsənət Universitetinin də istər müharibə dövründə, istərsə də müharibədən sonrakı dövrdə şəhidlərimizi, qazilərimizi yad elədiyini, hər zaman şəhid məzunlarımızın məzarlarını, ailələrini ziyarət etdiyini, onların anım tədbirlərini keçirtdiyini əlavə edib.
Tədbirin bədii hissəsində ADMİU-nun tələbələri Günel Həmidova, Əliağa Tapdıqov, Cahangir Əliyev, Əvəzxan Əzizov, Həmzə Əliyev və Mütəllim Mütəllimov vətənpərvərlik mövzulu şeirlər və musiqilər ifa ediblər. ADMİU-nun kafedra müdiri dosent Aslan Xəlilov şəhidlərin xatirəsinə həsr etdiyi şeirini səsləndirib.