ADMİU-da “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçiriləcək. Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən və əsasən III kurs tələbə-teatrşünasların qatıldığı konfransda başqa kurslardan olan tələbə-teatrşünasların iştirakı da planlaşdırılır.

Konfransın “Arto epoxasının teatrı” kimi mövzunu seçməsi teatrın keçdiyi tarixi dinamik prosesin əsas məqamlarını, bu gün teatr anlayışına yüklənən məzmun qatlarını tarixi dinamik proseslərin fonunda gözdən keçirməkdir.

“Biz artıq Arto epoxasına daxil olmuşuq” – bunu reformator rejissor Yeji Qrotovski teatr nəzəriyyəçisi, şair, aktyor, “qəddar teatr” konsepsiyasınıın müəllifi, rejissor Antonen Arto haqqında yazdığı “O, tamamən özü deyildi” adlı məqaləsində deyirdi.

Konfransın konseptində bu sitatın olması bu mənada, təsadüfi deyil. Teatrın ən böyük ideoloqlarından sayılan Artonun antiteatr pafosu bu gün də bizi tərk etmir. Hətta daha amansız və kəskindir. İnformasiya cəmiyyətinin üzvü olan, sözdən özünə gərəkli alət kimi istifadə edən bugünkü tamaşaçıya sözdən üstün nəsə demək dərdir – çağdaş dünyanın adlı-sanlı rejissorlarını, teatrlarını birləşdirən amillərdən biri də elə budur.

Müasir sənətin böhranı bütün aspektlərdə özünütəyin və özünüdərkə gətirib çıxarır. Bu, yaradıcılığın və nəzəriyyənin qovuşduğu nöqtədir. Ehtimalən, konfrans tələbələrin çıxışlarındakı retrospektiv və perspektiv baxışların kəsişdiyi həmin yerdə baş tutacaq…

Konfransın məqsədi tələbələri vahid elmi problem ətrafında düşünməyə və münasibət bildirməyə cəlb etmək, eyni zamanda, fənlərarası inteqrasiyaya çalışmaq, tələbələrdə elmi-nəzəri yaradıcılığa həvəs oyatmaqdır.

ADMİU-nun əsas binasında, Elmi şura otağında 12 mart 2024-cü il tarixində əyani formada keçiriləcək konfrans saat 11:00-da başlayacaq.

Qeyd

Konfransa iştirakçı kimi qatılmaq istəyən tələbə teatrşünaslar çıxışlarını verilən konsept çərçivəsində, 5 səhifədən çox olmamaqla, elektron mətn səklində (A4 ölçü vərəqi, 14 olçü arial şrift, 1,5 interval) hazırlayaraq 6 mart 2024-cü il tarixindən gec olmayaraq konfrans@admiu.edu.az elektron ünvanına göndərə bilərlər. Yaranan suallarla bağlı 055 495 07 82 nömrəsi ilə əlaqə saxlamaq olar.