ADMİU-da “Azərbaycan dilinin milli kimliyimizin formalaşmasında rolu” mövzusunda panel müzakirəsi keçirilib
Martın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycan Mədəniyyəti–2040: Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” çərçivəsində “Azərbaycan dilinin milli kimliyimizin formalaşmasında rolu” mövzusunda panel müzakirəsi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında universitetin rektoru Ceyran Mahmudova giriş sözü ilə çıxış edərək Azərbaycan dilinin milli kimliyin qorunması və inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşı, mədəni irsi və mənəvi dəyərlərinin daşıyıcısıdır.
Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində bir sıra mühüm qanunlara, sərəncamlara imza atıb. 2003-cü ildən etibarən isə cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi ana dilinin qorunması istiqamətində də Ümummilli Liderin yolunu uğurla davam etdirir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi tətbiqində mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Həmçinin, 2001-ci ildə Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladağı digər Fərmana əsasən, ölkəmizdə hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı.
Rektor C.Mahmudova öz çıxışında Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (2004-cü il 12 yanvar), “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” (2004-cü il 27 dekabr), “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” (2007-ci il 24 avqust) sərəncamlarının xüsusi əhəmiyyətindən danışaraq qeyd edib ki, bu sayədə gənc nəsil Azərbaycan və dünya ədəbiyyatını latın qrafikası ilə rahat şəkildə oxuya bilirlər.
Daha sonra Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” (2012-ci il 23 may), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” (2013-cü il 9 aprel), sərəncamları və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu sahədə həyata keçirilən digər mühüm sənədlərdən danışaraq bildirib ki, bütün bunlar ana dilimizə dövlət səviyyəsində verilən dəyərin bariz nümunəsidir.
Rektor əlavə edib ki, ötən il noyabr ayının 3-də AMEA-nın 80 illik yubiley tədbirində cənab Prezident dilin saflığının qorunması məsələsini xüsusilə qeyd edərək dilin yad təsirlərdən qorunması, milli dilin saflığının təmin edilməsi məsələsini strateji vəzifə kimi dəyərləndirib ki, hər birimiz öz işimizi məhz bu istiqamətdə, bu strategiyaya uyğun qurmalıyıq.
Panel müzakirəsinin moderatoru Sosial-siyasi elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva Azərbaycan dilinin tarixi inkişafı və qorunmasının əhəmiyyəti haqqında çıxış edərək bildirib ki, dil bir xalqın ən böyük sərvəti, ən gözəl xəzinəsidir.
Tədbirdə tanınmış alim və mütəxəssislər –Bakı Dövlət Universitetinin kafedra müdiri, “Jurnalistikanın inkişafına yardım” fondunun sədri, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor, AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli və ADMİU Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar İncəsənət xadimi, professor Əli Əmirli mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda Azərbaycan dilinin inkişafı, onun mədəniyyət və milli kimliklə bağlılığı, müasir dövrdə dilin qorunması və zənginləşdirilməsi istiqamətində aparılan işlər barədə fikirlər səsləndirilib, iştirakçıları sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

