ADMİU-da Azad Mirzəcanzadə İnkişaf Proqramının təqdimatı keçirilib

Martın 11-də “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi Azad Mirzəcanzadə İnkişaf Proqramının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təqdimatı baş tutub.
Tələbələrin və universitet əməkdaşlarının iştirak etdiyi təqdimatda Azad Mirzəcanzadə İnkişaf Proqramının koordinatoru Leyla Seyidzadə çıxış edərək proqramla bağlı geniş məlumat verib.
Tədbir çərçivəsində iştirakçılar proqramın məqsədləri, seçim prosesi və iştirak şərtləri barədə ətraflı məlumat alıb, suallarına cavab tapıblar.
Qeyd edilib ki, 2023-cü ilin sentyabr ayında elan edilmiş Azad Mirzəcanzadə İnkişaf Proqramı indiyədək sosial, ekoloji, maarifləndirici və innovativ sahələrdə bir çox uğurlu layihəni həyata keçirib.
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən Azad Mirzəcanzadə İnkişaf Proqramı yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.
Xatırladaq ki, proqrama son müraciət tarixi aprelin 1-dir.