ADMİU-da Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirilib
Oktyabrın 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirilib.
ADMİU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova tədbiri giriş sözü ilə açaraq bütün müəllimləri bayram münasibəti ilə təbrik edib. “Müəllim” adının ucalığından danışan rektor bildirib ki, universitet müəllimləri təkcə təhsil verən, elm öyrədən deyillər. Onlar həm də ölkəmiz və dünyamız üçün ixtisaslaşmış kadrlar, dolğun şəxsiyyətlər hazırlayan fədakar insanlardır.
ADMİU HİK-in sədri, dosent Səyavuş Məhişov çıxışında bütün müəllimləri bayram münasibəti ilə təbrik edib, onlara cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra uzun illərdir ADMİU-da çalışan müəllimlər- professor, Xalq artisti Səkinə İsmayılova, Estrada sənəti kafedrasının müdiri, professor Məryəm Babayeva, professorlar İlqar Hüseynov, Məlahət Fərəcova, Nadir Hüseynov, dosentlər Əminə Qədimova, Yaqut Abdullayeva, Fazilə Abbasova, Nadir Bədəlov, Sevinc Şahhüseynova, Sərxan Abıyev, Fikrət Məlikov, Gülnar Verdiyeva, Altay Məmmədov, baş müəllimlər Leyla Qurbanlı, Tamilla Abdullayeva, Sevinc Dadaşova, müəllim Səmədağa Cəfərov bayram münasibəti ilə universitet rəhbərliyi və ADMİU Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələrlə təltif olunublar.
Təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə başda rektor Ceyran Mahmudova olmaqla, hər kəsə təşəkkür edib, bütün müəllimləri bayram münasibəti ilə təbrik ediblər.