ADMİU-da Beynəlxalq Muzeylər Günü münasibətilə tələbə elmi konfransı keçirilib
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə “Yeni texnologiyaların mədəniyyətə tətbiqinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda tələbə elmi konfransı keçirilib.
Tədbirdə universitetinin müxtəlif ixtisaslarında təhsil alan tələbələr, Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov, Muzeyşünaslıq və turizm kafedrasının müdiri, dosent Yeganə Eyvazova, baş müəllimlər Nəzirə Əliyeva, Natiq Mürsəlov və Əli Abuzərov, müəllimlər Aysel Həsənova, Könül Mustafayeva və Gülgün Bağırova iştirak ediblər.
Tədbiri giriş sözü ilə Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov açaraq texnologiyanın mədəniyyət sahəsindəki transformativ rolundan, eləcə də gənc nəsil tədqiqatçıların bu istiqamətdə aparacağı araşdırmaların əhəmiyyətindən danışıb.
Bildirilib ki, konfransın əsas mövzusu müasir dövrdə süni intellekt, rəqəmsallaşma, interaktiv təqdimat vasitələri və multimedia texnologiyalarının muzey işi, kitabxana xidmətləri, incəsənət və turizm sahəsində tətbiqinə həsr olunub.
Konfransda aşağıdakı mövzularda maraqlı çıxışlar təqdim olunub:
“Arxeoloji turizmdə rəqəmsal texnologiyaların tətbiqi” – Heydərov Faiz (TBM23)
“Qədim və zədələnmiş sənət nümunələrinin bərpası və konservasiyası üçün süni intellekt texnologiyalarının tətbiqinin təhlili” – İbrahimova Xatirə (MTM23)
“Kinematoqrafiyada süni intellektin inqilabı” – İsmayılova Zeynəb (KTNM23)
“Muzey fondlarında və arxivlərdə istifadə olunan texnologiyalar” – Yarıyeva Aytac (MZ22)
“Kitabxana xidmətində süni intellektdən istifadə” – Mahmudova İzel (KTX22)
“Müasir incəsənətdə rəqəmsal qurğular və multimedia texnologiyaları” – Novruzlu Sevda (MZ22)
“Muzeylərdə istifadə olunan proyeksiya texnologiyaları” – Məmmədova Sabrina (MZ22)
“Yeni dövrün incəsənəti – Digital ART” – Allahverdiyeva Nuranə (KTX23)
“Muzeylərdə müxtəlif yaş qruplarını hədəfləyən interaktiv və təhsil proqramlarının hazırlanması üçün multimedia alətlərinin istifadəsi” – Əliyeva Fatimə (MZ22)
“Dünya muzeyləri İnternet platformasında” – Qarayeva Fidan (MZ22)
Sonda tələbələrin elmi-tədqiqat fəaliyyətini təşviq edən belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanaraq, konfrans iştirakçılarına təşəkkürnamələr təqdim olunub.