ADMİU-DA “BİLİK GÜNÜ” QEYD EDİLİB

Sentyabrın 16-da yeni dərs ilinin başlaması və “Bilik Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə universitetin professor-müəllim heyəti, tanınmış sənət nümayəndələri, tələbələr və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözüylə açan universitetin rektoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil ocağının kollektivini, tələbələri, xüsusən bu il “tələbə” adını qazanaraq ADMİU-ya ilk dəfə qədəm basan birinci kursları yeni tədris ili münasibətiylə təbrik edib və uğurlar arzulayıb.

2024-2025-ci tədris ilinin həm universitetimiz, həm də ölkəmiz üçün əlamətdar olduğunu vurğulayan xanım rektor bu il bir sıra dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərin keçiriləcəyini nəzərə çatdıraraq hər zaman ölkəmizdə baş verən mühüm hadisələrə adekvat reaksiyası ilə seçilən ADMİU-nun tələbələrinin bu il də keçiriləcək tədbirlərdə, konfranslarda fəal iştirak edəcəklərinə inandığını əlavə edib.
Belə bir əlamətdar ildə ADMİU ailəsinin üzvü olan birinci kursları və bütün tələbələri bir daha təbrik edən rektor onlara təhsil müddətində burada mədəniyyətimizin, incəsənətimizin incəliklərini dərindən öyrənməyi və gələcəkdə ölkəmizə yararlı mütəxəssis kimi yetişmək üçün mövcud bütün şəraitlərdən yararlanmağı tövsiyə edib.

ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova, Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, kafedra müdirləri Xalq rəssamı Arif Əziz, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Gülşad Baxşıyeva və başqaları çıxış edərək tələbələri ilk dərs günü münasibətiylə təbrik edib, uğurlar arzulayıblar.
Daha sonra rektor C.Mahmudova Universitetin III korpusunda da tələbələri salamlayıb, onlara yeni tədris ilində uğurlar arzu edib.

Burada keçirilən tədbirdə ADMİU-nun Kulturologiya fakültəsinin dekanı Vasif Adilov, “Musiqi sənəti” fakültəsinin dekanı İradə Xəlilova, Xalq artisti Vamiq Məmmədəliyev çıxış edərək ölkənin əsas yaradıcı təhsil ocaqlarından biri olan Mədəniyyət və İncəsənət Universitetini seçən birinci kursları təbrik edib, onlara təhsillərində və gələcək yaradıcılıq yollarında uğurlar diləyiblər.