ADMİU-DA “BİLİK GÜNÜ” QEYD EDİLİB
Sentyabrın 15-də yeni dərs ilinin başlaması və “Bilik Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə universitetin professor-müəllim heyəti, tanınmış sənət nümayəndələri, tələbələr və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözüylə açan universitetin rektoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil ocağının kollektivini, tələbələri, xüsusən bu il “tələbə” adını qazanaraq ADMİU-ya ilk dəfə qədəm basan birinci kursları yeni tədris ili münasibətiylə təbrik edib və uğurlar arzulayıb.
2025-2026-cı tədris ilinin həm universitetimiz, həm də ölkəmiz üçün əlamətdar olduğunu vurğulayan xanım rektor bu il bir sıra dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərin keçiriləcəyini nəzərə çatdıraraq hər zaman ölkəmizdə baş verən mühüm hadisələrə adekvat reaksiyası ilə seçilən ADMİU-nun tələbələrinin bu il də keçiriləcək tədbirlərdə, konfranslarda fəal iştirak edəcəklərinə inandığını əlavə edib.
2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik ili” elan olunduğunu nəzərə çatdıran xanım rektor sentyabr ayının ölkəmizin həyatındakı mühüm yerini xatırladıb və suverenliyimizin 5 ilinin qeyd olunduğu bu günlərdə ADMİU ailəsinin üzvü olan birinci kursları və bütün tələbələri bir daha təbrik edən rektor onlara təhsil müddətində burada mədəniyyətimizin, incəsənətimizin incəliklərini dərindən öyrənməyi və gələcəkdə ölkəmizə yararlı mütəxəssis kimi yetişmək üçün mövcud bütün şəraitlərdən yararlanmağı tövsiyə edib.
ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova, Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, Beynəlxalq əlaqələr üzrə prorektor Sevil Kərimova, Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, Audiovizual sənətlər fakültəsinin dekanı Gülnarə Hüseynova, kafedra müdirləri Xalq rəssamı Arif Əziz, Əməkdar artist Azad Şükürov, ADMİU-nun müəllimi Əməkdar artist Yaqut Paşayeva çıxış edərək tələbələri ilk dərs günü münasibətiylə təbrik edib, onlara uğurlar arzulayıblar.
Daha sonra rektor C.Mahmudova Universitetin III korpusunda da tələbələri salamlayıb, onlara yeni tədris ilində uğurlar arzu edib.
Burada keçirilən tədbirdə ADMİU-nun Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişov, “Musiqi sənəti” fakültəsinin dekan müavini Mehriban Qasımova, Xalq artisti Vamiq Məmmədəliyev çıxış edərək ölkənin əsas yaradıcı təhsil ocaqlarından biri olan Mədəniyyət və İncəsənət Universitetini seçən birinci kursları təbrik edib, onlara təhsillərində və gələcək yaradıcılıq yollarında uğurlar diləyiblər.