ADMİU-da Çaykovskinin “İlin Fəsilləri” əsəri ilə bağlı ustad dərsi keçirilib

Aprelin 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının təşəbbüsü və Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülnar Verdiyeva tərəfindən ustad dərsi keçirilib.

G.Verdiyeva dahi bəstəkar Çaykovski (Pyotr İlyiç Çaykovski) tərəfindən bəstələnmiş “İlin Fəsilləri” əsəri haqqında tələbələrə məruzə edib. O, çıxışında bildirib ki, əsərin hər hissəsi həmin ayın təbiətini, ovqatını və ya mədəni hadisəsini musiqi ilə əks etdirir. Çaykovskinin “İlin Fəsilləri” əsəri sadə musiqi dili ilə dərin mənalar çatdırmağı bacaran bir incəsənət nümunəsidir. Bu silsilə yalnız musiqi deyil, həm də bir poetik, mövsümi və emosional səyahətdir. O, bizə musiqinin təbiət, təqvim və insan hissləri ilə necə bağlı olduğunu qeyd edir.

Daha sonra məruzəçi tələbələrin mövzu ilə bağlı fikirlərini dinləyib, onların suallarını cavablandırıb.