ADMİU-da dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Aprelin 25-də ADMİU-nun Kulturologiya fakültəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayan konfransı giriş sözü ilə Kulturologiya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyavuş Məhişov açıb. O konfransın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində keçirildiyini vurğulayaraq dahi bəstəkarın həyat və yaradıcılığı haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.  

Kulturologiya elmləri doktoru, professor İlqar Hüseynov, kulturologiya üzrə fəlsəfə doktoru, professor Xaləddin Sofiyev, Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Əskərova, Muzeyşünaslıq və turizm kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova və başqaları çıxış edərək Üzeyir Hacıbəylinin musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi əvəzsiz xidmətlərindən söz açıblar. Sonra söz məruzəçilərə verilib.

Sosial-siyasi elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva “Mühərrir, Publisist – “Hacıbəyli Üzeyir(1905-1918-ci illər)”, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Kəmalə Məmmədova “Ü.Hacıbəylinin həyat və yaradıcılığına dair sənəd-informasiya kütləsinin elmmetrik təhlili”, Muzeyşünaslıq və turizm kafedrasının müəllimi Əli Abuzərov “Üzeyir Hacıbəyli:  Ev Muzeyi” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb.  

Konfransa Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası ilə yekun vurulub.