ADMİU-da DOKTORANTLARIN İLLİK ATTESTASİYASIBAŞ TUTUB
Fevralın 11-i ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın iştirakı ilə doktorantların illik attestasiyası keçirilib. İclasda Elm və yaradıcılıq işləri üzrə prorektor dosent Sədaqət Əliyeva, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova, Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri dosent Ellada Hüseynova da iştirak ediblər.
Hazırda ADMİU-da 14 doktorant təhsil almaqdadır. Onlardan 2 nəfər elmlər doktoru proqramı, 12 nəfər isə fəlsəfə doktoru proqramı üzrə təhsil alırlar. İclasda doktorantların son bir ildəki elmi fəaliyyəti müzakirə edilib, hər bir doktorantın ayrılıqda fərdi iş planının yerinə yetirilməsi dinamikası izlənilib.
Rektor Ceyran Mahmudova tədqiqatın strukturunun düzgün planlaşdırılmasının dissertasiya üzərində işin səmərəliliyinə təsirini vurğulayaraq doktorantlara bununla bağlı konkret tövsiyələr verib.
Bundan əlavə, doktorantlar hesabatlarında il ərzində çıxış etdikləri konfranslar və çap olunan məqalələri barədə məlumat veriblər. Attestasiya zamanı xülasəndirmə və indeksləmə bazalarına daxil olan dövri elmi nəşrlərdə dərc edilmək üçün vaxtında müraciət etməyin vacibliyi, doktorantların beynəlxalq nüfuzlu jurnallarda təmsil olunması məsələsinin nəzarətdə saxlanılmasının əhəmiyyəti də qeyd edilib.

