ADMİU-da “Gender bərabərliyi və gender zəminində məişət zorakılığı” mövzusunda təlimlər keçirilib
27–31 oktyabr tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Gender bərabərliyi və gender zəminində məişət zorakılığı” mövzusunda silsilə maarifləndirici təlimlər təşkil olunub. Təlimlər universitetin psixoloqu Aynur Rəhimova tərəfindən Teatr Sənəti, Rəssamlıq, Musiqi Sənəti və Kulturologiya fakültələrinin tələbələri üçün ayrı-ayrılıqda keçirilib.
Təlimlərin əsas məqsədi tələbələrdə gender bərabərliyi anlayışını formalaşdırmaq, gender stereotiplərinin fərdi və sosial həyata təsirini anlamaq, eləcə də məişət zorakılığına qarşı düzgün yanaşma və müdafiə mexanizmləri haqqında məlumatlandırmaq olub.
Sessiyalar zamanı tələbələr gender və cinsiyyət anlayışları arasındakı fərqlər, zorakılığın psixoloji və sosial kökləri, zorakılıq hallarına qarşı fərdi və ictimai məsuliyyət mövzularında müzakirələr aparıblar. İnteraktiv üsullarla aparılan təlimlər zamanı iştirakçılar həm nəzəri, həm də praktik situasiyalar üzərində düşünərək öz baxışlarını bölüşüblər.
Təlimin sonunda tələbələr gender bərabərliyinin ədalətli, təhlükəsiz və sağlam cəmiyyətin qurulmasında əhəmiyyətini vurğulayıblar.







