ADMİU-da “Generativ Süni intellekt və incəsənət təhsili:yaradıcılıqdan pedaqoji dizayna” adlı təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Generativ süni intellekt və incəsənət təhsili: yaradıcılıqdan pedaqoji dizayna” mövzusunda professor-müəllim heyəti üçün elmi-praktiki təlim təşkil olunub. Təlimi Çin Xalq Respublikası, Pekin Pedaqoji Universitetinin Təhsil Texnologiyaları ixtisası üzrə doktorantı, “MindTech” Süni İntellekt Laboratoriyasının tədqiqatçısı, Xəzər Universitetinin Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Fakültəsinin müəllimi Murad Əliyev aparıb.
Təlimdən öncə ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova çıxış edərək generativ süni intellektin müasir incəsənət təhsilində yaratdığı yeni pedaqoji imkanları və bu istiqamətdə akademik mühitdə aparılan müzakirələrin aktuallığını vurğulayıb. O, belə təlimlərin professor-müəllim heyəti və tələbələrin yaradıcı düşüncə bacarıqlarının inkişafına, eləcə də, tədris prosesində innovativ yanaşmaların formalaşmasına mühüm töhfə verdiyini qeyd edib. Prorektor əlavə edib ki, ADMİU-da bu tip elmi-praktiki təlimlərin mütəmadi keçirilməsi universitetdə innovativ tədris mühitinin formalaşdırılması, müasir texnologiyaların incəsənət təhsilinə inteqrasiyası və akademik potensialın davamlı inkişafına xidmət edir.
Təlimin əsas məqsədi generativ süni intellekt texnologiyalarının incəsənət təhsilində yaradıcı və pedaqoji potensialını sistemli şəkildə təqdim etmək, bu alətlərin yaradıcılıq mərhələsində, həmçinin, dərs dizaynında məqsədyönlü istifadəsini izah etmək olub. Təlim çərçivəsində generativ süni intellektin ideya generasiyası, stil variasiyası və konseptual eskizlərin hazırlanmasında yaratdığı imkanlar elmi-nəzəri və təcrübi aspektdən açıqlanıb. Yaradıcılıq prosesində süni intellekt vasitəsilə müxtəlif variantların yaradılması, onların müqayisəli təhlili və seçimi üzərində praktiki nümunələr nümayiş etdirilib. Eyni zamanda, süni intellektlə işləmə zamanı insan müdaxiləsinin həlledici rolu xüsusi vurğulanıb, əldə olunan nəticələrin seçilməsi, transformasiyası və estetik əsaslandırılması prosesləri ətraflı izah edilib.
Təlimdə generativ süni intellektlə səmərəli işləmək üçün prompların hazırlanması prinsipləri, eləcə də, yaradılan vizual və mətn materiallarının tədris məqsədlərinə uyğun tapşırıqlara çevrilməsi mexanizmləri təqdim olunub. Bununla yanaşı, incəsənət təhsilində qiymətləndirmə və refleksiya modelləri müzakirə edilib, prosesyönümlü yanaşma və tələbələrin yaradıcı qərarlarını əsaslandırma bacarığı əsas meyar kimi nəzərdən keçirilib.