ADMİU-da “İnsan alveri ilə mübarizə və insan alveri qurbanlarına göstərilən sosial xidmətlər” mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin pedaqoji heyəti üçün “İnsan alveri ilə mübarizə və insan alveri qurbanlarına göstərilən sosial xidmətlər” mövzusunda təlim keçirilib.
Tədbiri fakültənin dekanı, dosent Səyavuş Məhişov açaraq mövzunun aktuallığını, insan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunu və pedaqoji heyətin üzərinə düşən məsuliyyətləri vurğulayıb.
Təlim “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin əməkdaşı, təlimçi Günel Ələkbərova tərəfindən aparılıb. Təlim zamanı insan alverinin anlayışı və formaları, bu problemin yaranma səbəbləri, risk qrupları, qurbanların erkən müəyyənləşdirilməsi, eləcə də onlara göstərilən sosial, psixoloji və hüquqi dəstək mexanizmləri ətraflı şəkildə izah olunub. Mövzu real nümunələr və praktik təcrübələr əsasında təqdim edilib.
Eyni zamanda insan alveri ilə mübarizədə maarifləndirmənin əhəmiyyəti, təhsil müəssisələrinin bu prosesdəki rolu və pedaqoji heyətin üzərinə düşən vəzifələr xüsusi olaraq qeyd edilib. Təlim interaktiv formatda keçirilərək iştirakçıların sualları və fikir mübadiləsi ilə müşayiət olunub.
Keçirilən təlim pedaqoji heyətin sosial problemlərə həssas yanaşmasının gücləndirilməsinə, həmçinin insan alveri ilə mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verib.

