ADMİU-da insan alveri probleminin mahiyyəti və onun qarşısının alınması ilə bağlı təlim keçirilib

ADMİU-nun Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının təşkilatçılığı ilə insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmənin gücləndirilməsi, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlim təşkil olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova insan alverinin müasir dövrün aktual sosial problemlərindən biri olduğunu vurğulayaraq, onun yaranma səbəbləri, əsas formaları, xüsusiyyətləri və cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verib. Təlimdə Sosiologiya və Sosial iş ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.

Çıxış zamanı İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyət istiqamətləri, zərərçəkmiş şəxslərin müəyyənləşdirilməsi, hüquqlarının müdafiəsi, sosial-psixoloji reabilitasiyası və cəmiyyətə reinteqrasiyası mexanizmləri diqqətə çatdırılıb. Xüsusilə qadınların, uşaqların, gənclərin və sosial baxımdan həssas qrupların risklərlə üzləşmə ehtimalı, onlara göstərilən dövlət dəstəyi, hüquqi, tibbi və psixoloji xidmətlərin təşkili məsələləri izah olunub. Bu sahədə dövlət qurumları, sosial xidmət müəssisələri və qeyri-hökumət təşkilatları arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb.

Praktiki hissədə insan alveri qurbanlarının reabilitasiyası və sosial reinteqrasiyası ilə bağlı keyslər təhlil edilib. Tələbələr zərərçəkmiş şəxslərin ehtiyaclarının qiymətləndirilməsi, fərdi dəstək planlarının hazırlanması, sosial işçinin müdaxilə imkanları və aidiyyəti qurumlarla əməkdaşlığın təşkili barədə məlumat əldə ediblər. Həmçinin təhlükəsiz miqrasiya, işə qəbul zamanı ehtiyatlı davranış və insan alveri risklərinin vaxtında müəyyənləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Təlim tələbələrin insan alverinə qarşı mübarizə, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və sosial reinteqrasiyası sahəsində peşəkar biliklərinin dərinləşdirilməsi, praktiki yanaşma və qərarvermə bacarıqlarının inkişafı baxımından əhəmiyyət kəsb edib.