ADMİU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olmuş müvafiq məktubda bildirilir ki, insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqət yetirilməsi, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Ombudsman tərəfindən 18 may-18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilib.

Tədbiri giriş sözü ilə Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov açaraq, insan hüquqları və azadlıqlarının cəmiyyətin hər bir sahəsində, xüsusilə mədəniyyət və incəsənət müstəvisində qorunmasının vacibliyini vurğulayıb. O, tələbələrin bu istiqamətdə maariflənməsinin önəmini qeyd edərək belə təşəbbüslərin davamlı olmasının əhəmiyyətindən bəhs edib.

Tədbirdə həmçinin Muzeyşünaslıq və turizm kafedrasının professoru İlqar Hüseynov çıxış edib. Professor İ.Hüseynov insan hüquqları və mədəni irs anlayışları arasındakı əlaqədən, muzeylərin bu istiqamətdəki maarifləndirici rolundan söz açaraq bildirib ki, mədəniyyət qurumları bu sahədə cəmiyyətə ciddi təsir göstərə biləcək potensiala malikdir.

Daha sonra Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, dosent Sevinc Əskərova çıxış edərək insan hüquqlarının tədris prosesindəki yerindən, bu mövzunun kulturoloji yanaşmalarla necə işlənə biləcəyindən danışıb. O bildirib ki, insan hüquqlarına hörmət cəmiyyətin mədəni inkişafının əsas göstəricilərindəndir.

Tədbir müəllim heyətinin fəal iştirakı ilə interaktiv şəkildə davam edib, insan hüquqları ilə bağlı müxtəlif aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#ADMİUresmi

#İnsanHüquqlarıAylığı 

#HumanRightsMonth