ADMIU-da karyera planlanması təlimi keçirilib
Mayın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün karyera planlanması təlimi keçirilib.
ADMİU-nun məzunu, SABAH qrupları və MBA proqramı üzrə müəllim Fəxri Məhəmmədzadə tərəfindən keçirilən “Karyera planlanması” mövzulu təlimdə universitetin sənətşünaslıq, teatrşünaslıq, kinoşünaslıq, bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisaslarının tələbələri iştirak ediblər.
Qeyd edək ki, F.Məmmədzadə bundan əvvəl Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Gənclərin İnkişafı və Karyera Mərkəzi, Təhsildə İnnovasiyalar Mərkəzi, Elm və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, “Avroviziya” Mahnı Müsabiqəsi, 2015 Avropa Oyunları layihələrində iştirak edib.
Təlimdə Tədris işləri üzrə prorektor, dosent Nigar Rüstəmova, Tədris şöbəsinin müdiri Emil Səlimov, Tədris şöbəsinin nəzdində Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri, dosent Gülnarə Məmmədova, bölmənin digər əməkdaşları və Audiovizual sənətlər fakültəsinin dekan müavini Vəfa Mirzəyeva iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova rektor, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovanın rəhbərliyi ilə universitet tərəfindən məzunlarla görülən işlərdən bəhs etdi. Daha sonra karyera planlanması və yumşaq bacarıqların önəmini tələbələrin diqqətinə çatdırdı. Sonda Fəxri Məhəmmədzadə tələbələlərlə müxtəlif oyunlar və tapşırıqlar əsasında interaktiv formada təlim həyata keçirdi.