ADMİU-da Keyfiyyət Təminatı Komissiyasının növbəti iclası keçirilib

19 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Keyfiyyət Təminatı Komissiyasının növbəti iclası keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Keyfiyyət Təminatı Komissiyasının növbəti iclası keçirilib. İclasda ali təhsildə keyfiyyətin yüksəldilməsi, tədris və idarəetmə proseslərinin təkmilləşdirilməsi, müasir çağırışlara uyğun strateji yanaşmaların müzakirəsi, eləcə də Keyfiyyət Təminatı Komissiyasının illik fəaliyyət planının təsdiqi kimi məsələlər müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan rektor, professor Ceyran Mahmudova Universitetdə keyfiyyət mədəniyyətinin formalaşdırılmasından və çağdaş dövrün təhsilin qarşısına qoyduğu tələblərdən danışıb. Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri, dosent Şirinbəy Əliyev çıxış edərək universitetdə təhsil, elm, yaradıcılıq və idarəetmə sahələri üzrə inzibati fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, struktur bölmələrdə keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və tədris prosesinin sistemli monitorinqinin aparılması ilə bağlı məsələlərə toxunub. O, Keyfiyyət Təminatı Komissiyasının tərkibinin yenilənməsi və 2026-cı il üçün fəaliyyət planının təsdiqi məsələlərini Komissiya üzvlərinin diqqətinə çatdırıb. İclas çərçivəsində 2021–2025-ci illər üzrə Strateji İnkişaf Planının icrasının monitorinqinin nəticələri təqdim edilib, əldə olunan göstəricilər və müəyyən edilmiş inkişaf istiqamətləri müzakirə olunub. Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini Elçin Cəfərov 2026–2030-cu illər üçün Strateji İnkişaf Proqramı barədə geniş məlumat verib.
Universitetdə özünütəhlil imkanlarının inkişaf etdirilməsi məqsədi ilə aparılan sorğular barədə danışan Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri Rəvan Məmmədov il ərzində tələbələr, professor-müəllim heyəti, inzibati heyət, məzunlar və əmək bazarı nümayəndələri arasında keçirilmiş sorğuların nəticələrini təqdim edib. Teatr sənəti fakültəsi tələbələri arasında keçirilmiş sorğunun nəticələri fakültənin dekan müavini Əli Hacılı tərəfindən açıqlanıb, hazırda davam edən tələbə məmnuniyyəti sorğusu ilə bağlı isə Keyfiyyət təminatı və monitorinq sektorunun mütəxəssisi Cavid Zeynalov məlumat verib. İclasda universitet rəhbərliyi ilə yanaşı, Komissiya üzvləri, tələbələr, məzunlar, əmək bazarı nümayəndələri, eləcə də Tələbə Elmi-Yaradıcı Cəmiyyətinin və Məzunlar Assosiasiyasının sədrləri iştirak ediblər. Maraqlı tərəflərin Komissiyada təmsil olunması universitet–tələbə–məzun–əmək bazarı əməkdaşlığının gücləndirilməsinə və tələbəyönümlü yanaşmanın inkişafına xidmət edən mühüm göstərici kimi qiymətləndirilib. Əmək bazarı nümayəndələri tərəfindən ali təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, məzunların peşə bacarıqlarının inkişaf etdirilməsi və praktiki yönümlü tədrisin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib, təqdim olunan rəy və tövsiyələr Komissiya üzvləri tərəfindən geniş müzakirə olunub.