ADMİU-da “Lətif Kərimov – 120: bir irs, üç baxış, sonsuz yaradıcılıq” adlı kafedralararası elmi seminar keçirilib
20 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-İnformasiya Mərkəzində görkəmli xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Lətif Kərimov – 120: bir irs, üç baxış, sonsuz yaradıcılıq” adlı kafedralararası elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, dosent Sədaqət Əliyeva Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” 30 aprel 2026-cı il tarixli Sərəncamının görkəmli rəssamın yaradıcılığının öyrənilməsi və Azərbaycan xalça sənətinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Prorektor çıxışında Lətif Kərimovun Azərbaycan xalçaçılıq ənənələrinin elmi əsaslarla araşdırılması, xalçaların bədii və texniki xüsusiyyətlərinə görə təsnif edilməsi, eləcə də xalçaşünaslığın müstəqil elmi istiqamət kimi formalaşmasındakı müstəsna xidmətlərindən bəhs edib.
Seminarın fəxri qonağı – ADMİU-nun məzunu, Lətif Kərimovun tələbəsi, sənətşünaslıq elmləri doktoru, professor Kübra Əliyeva çıxışında görkəmli xalçaçı-rəssamın həyat və yaradıcılıq yolundan, onun bədii dünyagörüşünün formalaşmasına təsir göstərən tarixi-mədəni mühitdən danışıb. Professor qeyd edib ki, Lətif Kərimovun Şuşada dünyaya gəlməsi, Qarabağın zəngin xalçaçılıq ənənələri ilə əhatə olunmuş mühitdə böyüməsi, eləcə də ailəsində mövcud olan toxuculuq ənənələri onun bədii zövqünün və yaradıcılıq maraqlarının formalaşmasında mühüm rol oynayıb. Məruzəçi Lətif Kərimovun elmi tədqiqatlarının Azərbaycan xalça sənətinin öyrənilməsində fundamental əhəmiyyət daşıdığını və gənc sənətşünaslar üçün dəyərli elmi mənbə olduğunu vurğulayıb.
Seminar elmi məruzələrlə davam edib. ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov, Lətif Kərimovun tələbəsi, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi, qobelen ustası Tamilla Abdullayeva, Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfsan Quliyeva, muzeyşünas Nurlana Bağırova və kitabxana-informasiya sahəsi üzrə mütəxəssis Fəridə Abdullazadə məruzələrlə çıxış ediblər.
Məruzələrdə Lətif Kərimovun həyat və yaradıcılığının müxtəlif istiqamətləri, Azərbaycan xalça sənətinin elmi əsaslarla öyrənilməsinə verdiyi töhfələr, muzey kolleksiyalarında qorunan əsərləri, eləcə də onun yaradıcılığının beynəlxalq elmi-informasiya bazalarında tanıdılması məsələləri ətraflı işıqlandırılıb.
Elmi seminar magistrantların sualları ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

