ADMİU-da M.Füzulinin 530 illik yubileyinə həsr olunmuş bədii musiqili gecə keçirilib

Dekabrın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Həft cam” poeması əsasında bədii musiqili gecə keçirilib.

Ölməz şairin 530 illik yubileyinə həsr olunmuş “Füzuli işığında” adlı tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Gecədə ADMİU-nun tələbələrindən ibarət “Nəğməli Bakı” vokal-instrumental ansamblının müşayiəti ilə ADMİU-nun tələbə xor kollektivi (bədii rəhbər: T.Yusifova, solist Mədinə Səlimova), Əməkdar artist Səidə Şərifəliyeva, müəllimlər Vüqar Hacıyev, Sevinc Dadaşova, Cahangir Cahangirov adına xorun solisti Pərvin Səfərov, tələbələr Səyyat Güləliyev (balaban), Aynur Bəhmənli (fortepiano), Rəna Mehrəliyeva, Məryəm Məmmədova (qanun), Səidə Rəfiyeva (fortepiano), Zəhra Cavadzadə (fortepiano), Aysel Qafarova (fortepiano) şairin sözlərinə bəstələnmiş əsərlər, eləcə də “O olmasın, bu olsun” və “Arşın mal alan” operettasından hissələr ifa ediblər.

Musiqili gecədə Aktyor sənəti fakültəsinin tələbələri Kənan Hüseynov, Mərdanə Xələfova, Rəcəb Mirzəyev, Rəvan Vəlizadə, Balarza Quliyev, Fatimə İsayeva və Əliağa Tapdıqlı M.Füzulinin “Həft cam” poemasından parçalar səsləndiriblər.Tədbirin rejissoru Dram Rejissoru və Səhnə Plastikası Kafedrasının dosenti, Fikrət Məlikovdur.