ADMİU-DA MİLLİ MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Sentyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor professor Ceyran Mahmudova milli musiqi gününün qeyd olunmasının əhəmiyyətindən və Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətində yerindən danışıb.

Hər kəsi Musiqi bayramı münasibəti ilə təbrik edən rektor çıxışında Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğunu, onun müxtəlif janrlarda ölməz əsərlər yaratdığını vurğulayıb. Ü.Hacıbəylinin zəngin və çoxşaxəli yaradıcılığa malik mədəni irsinin Azərbaycan xalqı və dövləti tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğulayan professor onun doğulduğu tarixin Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edildiyini nəzərə çatdırıb.

Bildirilib ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildən etibarən isə Mili Musiqi Günündə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Fesivalı keçirilir.

ADMİU-nun kafedra müdirləri, Əməkdar İncəsənət xadimi professor Əli Əmirli və Xalq artisti professor Məmmədsəfa Qasımov çıxış edərək Milli musiqi günündən, dünya şöhrətli bəstəkarın çoxşaxəli fəaliyyətindən, sanballı ədəbi irsindən, musiqi sənətimizə gətirdiyi yeniliklərdən danışıblar.

Rəsmi hissədən sonra maraqlı konsert proqramı nümayiş olunub.

Bədii hissədə ADMİU-nun “Xəzər” xor kollektivinin (bədii rəhbər və dirijor Əməkdar müəllim Təranə Yusifova), ADMİU-nun Xalq Çalğı Alətləri orkestrinin (bədii rəhbər və baş dirijor Respublika və Beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurov), Musiqi sənəti fakültəsinin tələbələrinin ifasında Üzeyir Hacıbəyli və Azərbaycan musiqisinin korifey bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib.

“Teatr sənəti” fakültəsinin tələbələrinin ifasında “O olmasın, bu olsun” musiqili komesiyasından səhnəcik tədbirə xüsusi maraq qatıb.