ADMİU-da Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Martın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) İlaxır çərşənbə və Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Bayram tədbirini giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova milli bayramlarımızdan olan Novruzun xalqımız, millətimiz üçün önəmindən danışıb. Qeyd edib ki, artıq bir xalq olaraq biz sevimli Novruz bayramını suveren Azərbaycanda keçirməyin qürurunu yaşayırıq. Çıxışının sonunda xanım rektor bütün kollektivi və tələbələri İlaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edib, gözəl diləklərini çatdırıb.
Sonra “Cəngi” sədaları altında bayram tonqalı alovlandırılıb.
Kosa, keçəl və Bahar qızın gəlişi ilə bayram tədbiri daha da şənlənib.
Teatr sənəti fakültəsinin tələbələrinin ifasında “O olmasın, bu olsun” musiqili komesiyasından səhnəcik tədbirə xüsusi maraq qatıb.
Daha sonra tədbir Musiqi sənəti fakültəsinin tələbələrinin şux ifaları ilə davam edib.