ADMİU-da orqan donorluğu ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) orqan donorluğu ilə bağlı “Mən nə üçün donor olmaq istəyirəm?” adlı maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva orqan donorluğunun əhəmiyyəti haqqında danışıb, insan həyatı üçün olduqca əhəmiyyətli olan bu mövzu ilə bağlı cəmiyyətimizin daha çox maariflənməsinə ehtiyac olduğunu vurğulayıb.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxışında qeyd edib ki, bu mərkəz 2022-ci ilin sonunda Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılıb və əsas məqsədi transplantasiya əməliyyatlarının hüquqi bazasının möhkəmləndirilməsi və insan alverinin qarşısının alınmasıdır. O bildirib ki, hazırda transplantasiya əməliyyatları qanunvericiliyə uyğun şəkildə və dövlət hesabına aparılır ki, bu da prosesin əlçatanlığını artıran mühüm addımdır.

Yeganə Abbasova həmçinin vurğulayıb ki, 2025-ci ilin fevralında Azərbaycanın və ümumilikdə Qafqaz regionunun tarixində ilk dəfə meyit donordan orqan transplantasiyası uğurla həyata keçirilib. Bu əlamətdar hadisədən sonra ölümündən sonra donor olmaq istəyənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub.

Tədbirdə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva geniş təqdimatla çıxış edib. O qeyd edib ki, orqan donorluğu mövzusu hazırda bütün dünyada, o cümlədən Azərbaycanda çox aktualdır.

Həmçinin, tədbir boyunca donorluğun növləri, ölümündən sonra donor olma prosesi, müxtəlif ölkələrdə razılıq prinsipləri və qanunvericilik sistemləri, eləcə də real həyat hekayələri ətraflı şəkildə izah olunub, tələbələrin sualları cavablandırılıb.

Tədbirin sonunda orqan donorluğuna dəstək olmaq istəyən universitet əməkdaşları və tələbələr ölümündən sonra donor olmaq haqqında Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş razılıq ərizə formalarını imzalayıblar. Daha sonra tədbir iştirakçılarına üzərində orqan donorluğu loqosu olan hədiyyələr paylanıb.