ADMİU-da Pantomima Teatrının 30 illiyinə həsr olunmuş ETÜD müsabiqəsi keçirilib

Fevralın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 30 illiyinə həsr olunmuş ETÜD müsabiqəsi keçirilib.

Müsabiqə ADMİU-nun Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru, Musiqili teatr aktyoru, eləcə də SABAH Mərkəzinin Dram teatrı və kino aktyoru ixtisaslaşmalarında bakalavriat səviyyəsi üzrə I və II təhsil ilinin tələbələri arasında baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADMİU-nun prorektoru, dosent Sədaqət Əliyeva bildirib ki, Azərbaycan Dövlət Pantomima Teatrı ölkəmizin spesifik, öz yolu və özəlliyi olan teatrlarındandır. Onun yubileyinin universitetdə müsabiqə səviyyəsində qeyd olunması əlamətdar hadisədir. Müsabiqənin gedişatına və iştirakçılara uğurlar arzulayan prorektor gənclər arasında sağlam rəqabəti və inkişafı dəstəkləyən bu cür yarışların gələcəkdə də keçiriləcəyinə inandığını vurğulayıb.

Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə çıxış edərək ölkəmizin teatr sahəsində yeganə kadr hazırlayan ali təhsil ocağında rəhbərlik etdiyi teatrın yubileyinin keçirilməsindən məmnunluğunu dilə gətirib.

Çıxışlardan sonra Aktyor sənəti üzrə I təhsil ilində təhsil alan tələbələrin iştirakı ilə “Kitabxana” adlı müsabiqədən kənar etüd nümayiş olunub.

Daha sonra növbə ilə müsabiqə iştirakçılarının etüdlərinə baxılıb.

Martın 1-də keçirilən mükafatlandırma mərasimində göstərilən etüdlərlə bağlı münsiflərin fikirləri səsləndirilib, müzakirələr aparılıb və qaliblər elan olunub. Münsiflərdən ən yüksək balı alan SABAH Mərkəzi SBAS22 qrupu (Heyran Abdullayeva, Məhəmməd Gülmalıyev, Atilla İbrahimli) “Nənəmin xalçası” etüdü ilə 1-ci yerə layiq görülüb.

I, II, III yerlərin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb, digər iştirakçılar isə sertifikatla təltif olunublar.

Qeyd edək ki, I yerin qalibləri mart ayının sonunda Gürcüstanda Şota Rustaveli adına Dövlət Teatr və Kino Universitetinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Teatr Gününə həsr olunmuş Etüd Festivalında iştirak edəcəklər.