ADMİU-da “Qadın nuru” adlı sərgi keçirilib

İlahi nurdur, tükənməz işıqdır Qadın… Yanar, nur saçar və sevgisinin yolunda damla-damla əriyər, öz ömrünü əridər. Öz işığı ilə toxunduğu bütün həyatları gül-çiçəyə qərq edər, bahar təravəti ilə ətirləndirər, Günəş hərarəti ilə isidər.

Nə xoş ki, ona həsr olunan gün də baharın ilıq nəfəsinin duyulduğu, Günəşin bütün istiliyi ilə bəşəriyyəti qucmağa hazırlaşdığı bir dövrə- yazın ilk ayına təsadüf edir.

Bəşəriyyətin yarısıdır Qadın. Digər yarısının isə baş tacıdır…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri hər zaman Qadın ucalığını, müqəddəsliyini öz əsərlərində əks etdiriblər və hər il ənənəvi olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində bu əsərləri təqdim etməkdən böyük qürur və sevinc duyurlar.

ADMİU rəssamlarının qadınlara həsr olunmuş növbəti sərgisi martin 7-də “Qadın nuru” adı ilə təqdim olunub.

Sərgidə çıxış edən ADMİU-nun kafedra müdiri, professor, Xalq rəssamı Arif Əziz başda rektor Ceyran Mahmudova olmaqla, universitetin bütün xanım əməkdaşlarını və xanım tələbələrini 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Daha sonra Xalq rəssamı, professor Xanlar Əhmədov, ADMİU-nun kafedra müdiri, Əməkdar rəssam Rəşad Cabarov, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Mir Azər Abdullayev çıxış edərək xanımları bayram münasibəti ilə təbrik ediblər.

Sonda Rəssamlıq fakültəsinin müəllimlərinin əl işlərindən ibarət “Qadın nuru” sərgisinə baxış keçirilib.