ADMİU-da rejissor Konstantin Soldatovla tələbələrin görüşü keçirilib
Fevralın 23-də Azərbaycanda yaşayan və yaradıcılıq fəaliyyətini ölkəmizdə davam etdirən rusiyalı teatr və kino rejissoru, prodüser və müəllim, “Qızıl maska” mükafatı laureatı Konstantin Soldatovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri ilə görüşü keçirilib.
Konstantin Soldatov Bakıda müasir Teatr O2-ni yaradaraq ölkənin teatr mühitində eksperimental səhnə dili və innovativ yanaşmaları ilə fərqlənən layihələr həyata keçirir.
Onun zəngin professional təcrübəsi, beynəlxalq teatr və kino layihələrində iştirakı, eləcə də müasir rejissorluq metodları üzrə dərin biliyi tələbələrimizin həm nəzəri, həm də praktiki hazırlığının inkişafı üçün çox faydalıdır.
Görüş zamanı qonaq öz yaradıcılıq yolundan, qazandığı peşəkar təcrübədən və müasir teatr prosesində müşahidə etdiyi əsas tendensiyalardan bəhs edib. O, teatrın müxtəlif formaları və istiqamətləri – klassik repertuar teatrı, eksperimental səhnə, müstəqil layihələr və laboratoriya tipli platformalar haqqında ətraflı məlumat verərək hər bir modelin özünəməxsus üstünlüklərini və çətinliklərini izah edib.
Bununla yanaşı, o, teatr menecmenti mövzusuna xüsusi toxunaraq yaradıcı ideyanın layihəyə çevrilməsi, komandanın formalaşdırılması, auditoriya ilə iş, prodüser yanaşması və müasir şəraitdə teatrın davamlılığının təmin edilməsi məsələləri barədə praktik nümunələr əsasında danışıb. Tələbələr üçün xüsusilə maraqlı olan məqamlardan biri də müasir teatrda rejissorun həm yaradıcı lider, həm də strateji təşkilatçı kimi rolu ilə bağlı fikirlər olub.
İnteraktiv formatda davam edən görüşdə tələbələr rejissora onları maraqlandıran sualları ünvanlayıb, yaradıcılıq prosesinin daxili mexanizmləri, müxtəlif layihələrdə iştirak imkanları və peşəkar inkişaf yolları barədə ətraflı cavablar alıblar.

