ADMİU-da Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı təlim və tədris istiqaməti üzrə işçi altqrupun iclası keçirilib

25 noyabr 2025-ci il tarixində ADMİU-da 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması ilə bağlı İşçi qrupunun sədri, rektor professor Ceyran Mahmudovanın rəhbərliyi ilə keçirilən iclasda işçi altqruplar müəyyən edilib və mövcud istiqamətlər üzrə görüləcək işlərin müzakirəsi aparılıb. Bununla bağlı olaraq, dekabr ayının 1-də SİP-in əsas prioritetlərindən biri olan Təlim və tədris istiqamətinə həsr edilmiş iclas keçirilib.

Tədbirdə universitetin Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova və tədris prosesinin təşkilində iştirak edən struktur bölmələrin əməkdaşları iştirak ediblər. İclasda altqrupun müəyyən edilmiş fəaliyyət planına əsasən Təlim və tədris istiqamətində görüləcək işlər haqqında qısa məlumat verilib. Bildirilib ki, strateji inkişaf prosesinin əhəmiyyəti müasir dövrdə universitet qarşısında rəqəmsal kompetensiyalara malik, innovativ tədris metodlarını mənimsəmiş və əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlanması zərurəti ilə müəyyən olunur. Bu baxımdan, 2026-2030-cu illər üçün Təlim və tədris istiqamətinin yenilənmiş hədəfləri universitetin keyfiyyət idarəetmə sisteminin gücləndirilməsi üçün xüsusi strateji aktuallıq kəsb etdiyi vurğulanıb. Qeyd olunub ki, universitetin yenilənmiş missiyası və vizyonu tədrisin keyfiyyətini yüksəltməklə yanaşı, yaradıcı sənayelərə uyğun innovativ və çevik təhsil mühitinin formalaşdırılmasını əsas hədəf kimi müəyyənləşdirməlidir. SİP-in həyata keçirilməsinin tədris prosesində innovasiyaların tətbiqi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıqların genişlənməsini təmin edərək ADMİU-nun nüfuzunun əhəmiyyətli dərəcədə artmasına xidmət edəcəyi diqqətə çatdırılıb. Sonda SİP üçün beynəlxalq təcrübəyə, əmək bazarının tələblərinə və universitetin uzunmüddətli inkişaf prioritetlərinə uyğun olaraq missiya və vizyonun dəqiqləşdirilməsi ilə bağlı iclas iştirakçılarına tapşırıqlar verilib.