ADMİU-da Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı Təlim və tədris istiqaməti üzrə işçi altqrupunun iclası keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması çərçivəsində Təlim və tədris istiqaməti üzrə işçi altqrupunun iclası keçirilib. İclas universitetin İşçi qrupunun sədri, rektor, professor Ceyran Mahmudovanın rəhbərliyi ilə 25 noyabr 2025-ci il tarixində baş tutan ümumi iclasın nəticəsi olaraq formalaşdırılmış fəaliyyət istiqamətləri əsasında təşkil olunub.
1 dekabr 2025-ci il tarixində keçirilən iclasda ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova və Təlim və tədris istiqaməti üzrə işçi altqrupun üzvləri iştirak ediblər. İclas zamanı altqrupun təsdiqlənmiş fəaliyyət planına uyğun olaraq Təlim və tədris istiqamətində nəzərdə tutulan prioritetlər, hədəflər və icra mexanizmləri müzakirə olunub. Çıxışlarda bildirilib ki, strateji inkişaf prosesinin əsas məqsədi rəqəmsal kompetensiyalara malik, innovativ tədris metodlarını tətbiq edə bilən və əmək bazarının müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Qeyd olunub ki, 2026-2030-cu illər üçün Təlim və tədris istiqaməti üzrə müəyyənləşdirilən yenilənmiş hədəflər universitetin keyfiyyət idarəetmə sisteminin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
İclasda universitetin yenilənəcək missiyası və viziyonu ilə bağlı məsələlərə də toxunulub. Vurğulanıb ki, bu sənədlər tədrisin keyfiyyətinin artırılması ilə yanaşı, yaradıcı sənayelərin tələblərinə uyğun innovativ və çevik təhsil mühitinin formalaşdırılmasını əsas strateji məqsəd kimi əks etdirməlidir. Bu məqsədlə, müasir çağırışlar, milli-mədəni dəyərlər və beynəlxalq təhsil meyilləri nəzərə alınmaqla tədris, tədqiqat və yaradıcılıq istiqamətləri üzrə kafedralara təkliflərin hazırlanması tapşırılıb. Vurğulanıb ki, hər bir kafedra öz ixtisas sahəsi üzrə strateji məqsədləri, prioritetləri və gözlənilən nəticələri əsaslandırılmış şəkildə təqdim etməlidir. Eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsi, əmək bazarının tələblərinin təhlili və universitetin uzunmüddətli inkişaf prioritetləri əsasında missiya və vizyonun dəqiqləşdirilməsi ilə bağlı alt qrup üzvlərinə müvafiq tapşırıqlar verilib.
İclasda Strateji İnkişaf Proqramının icrasının tədris prosesində innovasiyaların tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və beynəlxalq akademik əməkdaşlıqların genişlənməsinə şərait yaradacağı, nəticə etibarilə, ADMİU-nun ali təhsil məkanında rəqabətqabiliyyətliliyinin və institusional nüfuzunun daha da artmasına xidmət edəcəyi diqqətə çatdırılıb.

