ADMİU-da süni intellekt əsaslı “Sintez” proqramı təqdim olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dörd əsas fakültəni əhatə edən, süni intellekt əsaslı “Sintez” proqramının rəsmi təqdimatı keçirilib. Rektorun və universitet rəhbərliyinin iştirak etdiyi görüşdə ənənəvi sənət təhsili ilə rəqəmsal texnologiyaların vəhdətindən doğan yeni imkanlar ətrafında geniş və səmərəli müzakirələr aparılıb.
Proqramı Audiovizual sənətlər fakültəsi üzrə Anar Verdiyev, Fərhad Quliyev, Azər Həsənov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin sosial media meneceri Sabir Abbaszadə, Rəssamlıq fakültəsindən Əlisəfa Məmmədov, Teatr sənəti fakültəsi üzrə Elçin Cəfərov, musiqi proqramı üçün isə Audiovizual sənətlər fakültəsindən Ayaz Əliyev təqdim ediblər.
İclas zamanı proqramın tədris planına inteqrasiyası və tələbələrin yaradıcılıq potensialının texnoloji alətlərlə genişləndirilməsi perspektivləri yüksək qiymətləndirilib. Rektor Ceyran Mahmudova layihənin akademik mükəmməlliyini təmin etmək üçün öz dəyərli strateji tövsiyələrini və peşəkar məsləhətlərini bölüşərək proqrama tam dəstəyini ifadə edib.
Qeyd edilib ki, bu görüş ADMİU-nun sənət təhsilində regionun rəqəmsal pionerinə çevrilməsi yolunda atılan ən inamlı addımlardan biri kimi tarixə düşüb. Müzakirələrin yekununda “Sintez” pilot layihəsinin icrasına dair konkret yol xəritəsi müəyyən edilib.

