ADMİU-da süni intellekt və kino mövzusunda görüş keçirildi
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Süni intellekt və kino” mövzusunda maraqlı görüş keçirilib. Tədbirin qonağı İstanbul Nişantaşı Universitetinin İncəsənət və Dizayn fakültəsinin Radio, Kino və Televiziya bölməsinin rəhbəri Burcu Kurtiş olub.
Görüşdə Burcu Kurtiş kino sənayesində süni intellektin rolu, yaradıcı proseslərə və istehsal mərhələlərinə təsiri, həmçinin bu texnologiyanın gələcəkdə rejissor və sənətçilər üçün yaradacağı imkanlardan bəhs edib.
Tədbir ADMİU-nun “Heydər Əliyev məktəbi”ndə baş tutub və Audiovizual sənəti fakültəsinin, Professor və müəllim heyətinin fəal iştirakı ilə keçirilib.
Görüşün sonunda iştirakçılar qonağa suallar ünvanlayıb, süni intellektin kino sənətinə gətirdiyi yeniliklər barədə fikir mübadiləsi aparıblar.