ADMİU-da Təlim və tədris istiqamətinə dair işçi alt qrupun növbəti iclası keçirilib
09 dekabr 2025-ci il tarixində ADMİU-da 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması ilə bağlı Təlim və tədris istiqaməti üzrə növbəti iclas keçirilib. Universitetin Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova və alt qrup üzvlərinin iştirak etdiyi iclasda ADMİU-nun Fəaliyyət Planına (FP) əsasən 2025-ci ilə dair Təlim və tədris istiqamətində görülmüş işlər haqqında məlumat diqqətə çatdırılıb. Bildirilib ki, FP-yə müvafiq olaraq ali təhsilin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının genişləndirilməsi, beynəlmilləşmə, elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılması, tələbə və məzunlarla işin, həmçinin, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşklili və cəmiyyətin sosial sifarişlərinə töhfə vermək məqsədilə mühüm işlər görülüb. Məlumat verilib ki, hər bir fəaliyyətlə bağlı nəticə indikatoru (hədəflər) üzrə hesabatlar hazırlanıb. Vurğulanıb ki, 2026-2030-cu illərə dair təkliflər hazırlanarkən mövcud Fəaliyyət Planına uyğunlaşdırılması önəmli olduğundan, yeni Strateji İnkişaf Proqramının hazırlanması zamanı beynəlxalq təcrübələr, rəqəmsal təhsilin çağırışları və əmək bazarının tələbləri nəzərə alınmalıdır.
İclas iştirakçıları tədris prosesinin optimallaşdırılması, innovativ təlim üsullarının tətbiqi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürüblər. Sonda altqrup üzvlərinə növbəti iclasadək öz işləri üzrə təkmilləşdirilmiş təkliflər hazırlayıb təqdim etmələri tapşırılıb.

