ADMİU-da Təqaüd Komissiyasının iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbəyönümlü təhsil mühitinin formalaşdırılması, akademik göstəricilərin yüksəldilməsi və sosial dəstək tədbirlərinin gücləndirilməsi universitetin inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Fevralın 23-də ADMİU-da tələbələrin akademik nailiyyətlərinin qiymətləndirilməsi, sosial müdafiə mexanizmlərinin təmin edilməsi və təqaüd təyinatı prosesinin normativ sənədlərə uyğun həyata keçirilməsi məqsədilə Təqaüd Komissiyasının iclası keçirilib.
Komissiyanın gündəliyinə cari semestr üzrə tələbələrin akademik göstəricilərinin təhlili, onların sosial vəziyyətinin nəzərə alınması, eləcə də, qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq təqaüdlərin təyinatı məsələləri daxil edilib.
Müzakirələr zamanı tələbələrin imtahan sessiyasının nəticələri, reytinq göstəriciləri, elmi-tədqiqat və ictimai fəaliyyət sahəsində fəallıqları, həmçinin, sosial həssas kateqoriyalara aid olan tələbələrin vəziyyəti ətraflı şəkildə nəzərdən keçirilib. Bildirilib ki, təqaüd təyinatı prosesində şəffaflıq, obyektivlik və sosial ədalət prinsiplərinin təmin olunması əsas prioritet kimi müəyyənləşdirilib. İclasda komissiya üzvləri fakültələr tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirilib və tələbələrin təqaüd hüququnun müəyyənləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Təqaüd Komissiyasının sədri, Tədris işləri üzrə prorektor, dosent Nigar Rüstəmova, fakültə dekanları və aidiyyəti struktur bölmələrin rəhbərləri iştirak etdiyi iclasda qəbul olunmuş qərarların icrası ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.