ADMIU-da uğurlu karyera ilə bağli seminar keçirilib
Mayın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) KOKON agentliyinin DESIGN ONLINE ilə əməkdaşlığı çərçivəsində “Karyera başlanğıcı: Universitetdən sonra uğura aparan yol” mövzusunda seminar keçirilib.
Seminardan öncə qeyd edilib ki, DESIGN ONLINE kreativ icmanı bir araya gətirən, dizayn haqqında onlayn jurnaldır. Əhatə etdiyi dizaynerlər sırasında sahənin tanınmış simaları ilə yanaşı, yaradıcı sahələrin müxtəlif mütəxəssisləri yer alır. Kreativ icma 20 000-ə yaxın insanı əhatə edir.
Bildirilib ki, seminarın keçirilməsində məqsəd tədrisin son dərs ilində olan tələbələrin ali təhsil aldıqdan sonra karyeralarını quracaqları yolda onlara dəstək olmaq, ilk addımlarında qarşılaşa biləcəkləri çətinliklər və onların həlli ilə bağlı onları məlumatlandırmaq, uğurlu karyeralarının başlanğıcına təkan vermək, onları maarifləndirməkdir.
Təlimçi Vüsal Əzizov seminarda CV-nin düzgün qaydada hazırlanması, vakansiyaların analizi üzrə tövsiyələr, müraciət prosesində nəzərə alınmalı məqamlar, müsahibəyə hazırlığın görülməsi, müsahibə zamanı namizəddən gözləntilər, test tapşırığın hazırlanması, işə uğurlu başlanğıc məsələləri ilə bağlı danışıb.